«SOCAR-AQŞ» «Ümid» yatağının 1 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 6352 metr olan 14 saylı quyunun qazma işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırdı.
7-ci horizonta qazılan 14 saylı quyunun inhirafı 1000 metr təşkil edir. Müəssisənin Dərin quyular üzrə əməliyyat meneceri Eldar Yaradanquliyev 1 saylı özüldə müəssisənin apardığı qazma işlərinə münasibət bildirərək qeyd etdi ki, dünyanın ən mürəkkəb və yüksək təzyiqli yataqlarından biri hesab olunan «Ümid» yatağında sifarişçinin təyin etdiyi texnoloji parametrlər «SOCAR-AQŞ» tərəfindən dəqiq yerinə yetirilib. 14 saylı quyu keyfiyyətlə və təhlükəsiz tikilərək sifarişçiyə təhvil verilib: «Peşəkar qazma briqadamız qarşıya qoyulan vəzifə və öhdəlikləri məsuliyyətlə yerinə yetirərək bu sınaqdan uğurla çıxdı. 7-ci horizonta qazılan quyuya istismar kəməri endirildi, sementləndi və uğurla kipliyə yoxlanıldı.»
Quyunun sifarişçisinin «SOCAR-ÜMİD» MMC olduğunu deyən E.Yaradanquliyev vurğuladı ki, «Ümid» kimi yüksək təzyiqli yataqda quyu tikintisini uğurla yerinə yetirmək təcrübəsi müəssisəmizin beynəlxalq qazma layihələrində iştirak potensialını xeyli artırır: «Əminəm ki, bundan sonra da potensialımızı və təcrübəmizi yeni texnologiyalarla birləşdirərək bu uğurun davamlı olmasını təmin edə biləcəyik.»
«SOCAR-AQŞ»-nin baş direktorunun müavini, baş geoloq İftixar Qasımov 14 saylı quyuda aparılan geofiziki ölçü işlərinə münasibət bildirərək qeyd etdi ki, müəssisə sifarişçi tərəfindən sifariş edilən geofiziki ölçü işlərini tam yerinə yetirməklə yanaşı, müasir Ultrasonic (İBC) cihazından da uğurla istifadə edib: «Bu cihaz vasitəsilə istismar kəmərinin arxasında müxtəlif intervallarda sementin zonal izolyasiyasını dəqiq müəyyən edə bilirik. Yeni nəsil geofiziki ölçü cihazlarının uğurlu tətbiqi quyu tikintisinin keyfiyyətlə başa çatdırılmasına təsir edən əsas amillərdən biridir.»
Orxan Vahidoğlu, «İki sahil»
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub