Amerika Birləşmiş Ştatları Rusiya ilə hərbi gərginliyin daha da dərinləşməsi və nəzarətdən çıxması riskini nəzərə alaraq, Avropa İttifaqının müdafiə sənayesinə və təhlükəsizliyinə investisiya qoymağı dərhal dayandırmalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The American Conservative" (AC) analitik jurnalı məlumat yayıb.
Məqalə müəlliflərinin fikrincə, Vaşinqtonun Avropanın müdafiəsinə ayırdığı nəhəng vəsaitlər regionda sülhə deyil, əksinə, daha böyük fəlakətlərə yol aça bilər: "Hərbi büdcənin davamlı olaraq artırılması Avropadakı radikal 'şahinlərin' (müharibə tərəfdarlarının) Ukraynadakı vəziyyəti daha da gərginləşdirməsinə şərait yarada bilər. Bu isə öz növbəsində NATO və Rusiya arasında birbaşa və genişmiqyaslı hərbi qarşıdurma riskini kritik dərəcədə artırır."
Analitik materialda o da qeyd olunur ki, Avropa ölkələri onlara göstərilən xarici yardımlardan və daxili resurslardan düzgün istifadə edə bilmirlər. Bir müddət əvvəl yayılan hesabatlar da təsdiqləyib ki, Avropa İttifaqı ölkələri hərbi xərclərin kəskin artmasını real müdafiə qabiliyyətinin və döyüş potensialının güclənməsinə çevirməkdə uğursuzluğa düçar olublar. İslahatların ləng getməsi və bürokratik maneələr ayrılan milyardlarla dolların effektivliyini minimuma endirir.
Müttəfiqlər arasında yükün bölüşdürülməsi məsələsi Şimali Atlantika Alyansında əsas müzakirə mövzularından biri olaraq qalır.