17 iyul 2026 12:10
98

ABŞ-da vergi yoxlamaları ilə bağlı qalmaqal

ABŞ Maliyyə Nazirliyinin yüksək rütbəli rəsmisi, daxili gəlirlər xidmətinin (IRS) baş hüquq məsləhətçisi vəzifəsini icra edən Kennet Kiz prezident administrasiyası ilə yaşanan kəskin qarşıdurmadan sonra istefa vermək məcburiyyətində qalıb.

“İki sahil” xəbər verir ki,  "The Wall Street Journal" (WSJ) qəzetinin hökumətdəki etibarlı və məlumatlı mənbələrə istinadla yaydığı məlumata görə, Kizin yaxın həftələrdə öz postunu tərk edəcəyi gözlənilir.

Mənbələrin bildirdiyinə görə, münaqişənin əsas səbəbi Ağ Ev rəsmilərinin vergi yoxlamaları prosesinə təsir göstərmək və konkret vergi ödəyicilərinə qarşı təhqiqatlara müdaxilə etmək cəhdləri olub:

Kennet Kiz iddia edib ki, Ağ Evdən gələn xüsusi sorğulardan biri ABŞ Vergi Məcəlləsinin 7217-ci maddəsini birbaşa pozur.

7217-ci maddə nəyi qadağan edir? Bu federal qanun prezidentə, vitse-prezidentə, Ağ Ev əməkdaşlarına və bəzi idarə rəhbərlərinə konkret vergi ödəyiciləri barəsində daxili auditin və ya araşdırmanın başlanması, yaxud dayandırılması ilə bağlı birbaşa və ya dolayısı yolla Vergi Xidmətinə (IRS) müraciət etməyi və göstəriş verməyi qəti şəkildə qadağan edir.

Kiz bu cür müdaxilələrin federal qanunvericiliyin kobud şəkildə pozulması mənasına gəldiyini bildirərək administrasiyanı rəsmi şəkildə xəbərdar edib.

Nəşrin məlumatına görə, bu prinsipial mövqedən sonra ABŞ Prezidenti və onun bir neçə yaxın köməkçisi Kennet Kizin fəaliyyətindən getdikcə daha çox narazı olmağa başlayıblar: ."Ağ Ev və Maliyyə Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmiləri bildiriblər ki, Kizlə işləmək olduqca çətindir və o, prezidentin siyasi xəttini dəstəkləmək üçün kifayət qədər səy göstərmir."