Azərbaycan Premyer Liqasının yeni mövsümündən etibarən hakimlikdə və VAR sistemində mühüm yeniliklər tətbiq ediləcək.
“İki sahil” xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın 2026/2027-ci il mövsümünün püşkatma mərasimindən sonra keçirilən brifinqdə deyib.
O bildirib ki, dünya çempionatında sınaqdan keçirilən iki yeni VAR qaydası yerli çempionatda da istifadə olunacaq: “Dünya çempionatında tətbiq olunan iki mühüm yeniliyi Premyer Liqamızda reallaşdıracağıq. Bunlardan birincisi səhv qırmızı vərəqə ilə nəticələnən ikinci sarı vərəqə epizodlarının VAR tərəfindən araşdırılmasıdır. Digər yenilik isə küncdən zərbə qərarları ilə bağlıdır. Artıq bu iki oyun epizodunda VAR hakimləri prosesə müdaxilə edə biləcəklər”.
PFL rəsmisi artıq klubların yeniliklərlə bağlı məlumatlandırıldığını vurğulayıb: “AFFA Hakimlər Komitəsi tərəfindən bununla bağlı xüsusi təqdimat hazırlanıb və artıq klublarla bölüşülüb. Yaxın gələcəkdə həm klublar, həm də media nümayəndələri üçün geniş maarifləndirici seminarlar təşkil olunacaq”.
O, oyunlar zamanı tətbiq olunan su fasiləsi qaydalarına da aydınlıq gətirib: “Təlimata əsasən, əgər matç zamanı havanın temperaturu 32 dərəcədən yüksək olarsa, baş hakimin qərarı ilə hər hissədə bir dəfə olmaqla su fasiləsi verilə bilər. Bu fasilənin müddəti minimum 30 saniyə, maksimum isə 3 dəqiqə aralığında müəyyənləşdirilir”.
Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.