20 iyul 2026 11:15
150

Könüllülük cəmiyyətə xidmət, gələcəyə sərmayədir - MÜSAHİBƏ

Beynəlxalq tədbirlərdə könüllülərin aktiv iştirakı onların peşəkar bacarıqlarının inkişafına, beynəlxalq təcrübə qazanmasına və Azərbaycanın könüllülük modelinin dünya miqyasında tanıdılmasına mühüm töhfə verib

Könüllülük müasir cəmiyyətlərin inkişafını şərtləndirən əsas dəyərlərdən biri olmaqla yanaşı, gənclərin vətəndaş mövqeyinin formalaşmasında, liderlik keyfiyyətlərinin inkişafında və sosial məsuliyyət hissinin güclənməsində mühüm rol oynayır. Azərbaycanda bu hərəkat son illərdə dövlətin uğurlu gənclər siyasətinin prioritet istiqamətlərindən birinə çevrilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq könüllülük təkcə ictimai fəaliyyət deyil, həm də gənclərin peşəkar inkişafını, beynəlxalq təcrübə qazanmasını və cəmiyyətə faydalı fərd kimi yetişməsini təmin edən mühüm platforma kimi qəbul edilir.

Bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) ölkədə könüllülük hərəkatının koordinasiyasını həyata keçirən, müxtəlif könüllü təşkilatlarını vahid platformada birləşdirən və gənclərin potensialının üzə çıxarılmasına töhfə verən aparıcı qurumlardan biridir. İttifaqın həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıq imkanları, bölgələrdə könüllülük fəaliyyətinin genişləndirilməsi, rəqəmsal dövrün yaratdığı yeni çağırışlar və gələcək hədəflər barədə “İki sahil”in Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev cavablandırır.

-Azərbaycan Könüllü Təşkilatları İttifaqının əsas missiyası və ölkənin gənclər siyasətində oynadığı strateji rol nədən ibarətdir?

 -Azərbaycan Könüllü Təşkilatları İttifaqının əsas missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafına töhfə vermək, onun institutlaşdırılması istiqamətində yeni imkanlar yaratmaq, könüllülüyün inkişafı üçün formalaşdırılmış münbit mühiti daha da gücləndirmək və könüllü gənclərin ictimai fəallığını artırmaqdan ibarətdir. İttifaq müxtəlif könüllü təşkilatlarını vahid platformada birləşdirərək gənclərin fərdi inkişafına, sosial məsuliyyətinin formalaşmasına və vətəndaş cəmiyyətində aktiv iştirakına dəstək göstərir. Qeyd etmək istərdim ki, könüllülük fəaliyyəti Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı istiqamətlərindən biridir və bu siyasətin əsas sütunlarından hesab olunur. Könüllülük gənclərin şəxsi inkişafı, vətəndaş iştirakçılığı, liderlik bacarıqlarının formalaşdırılması və cəmiyyətə töhfə verməsi baxımından mühüm platforma rolunu oynayır. Eyni zamanda, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan, Azərbaycanda artıq gündəlik həyat normasına çevrilmiş könüllülük fəaliyyətinin səmərəliliyinin və məhsuldarlığının artırılması İttifaqın əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən layihə və proqramlar könüllülük fəaliyyətinin daha sistemli, dayanıqlı və təsirli şəkildə inkişafına xidmət edir. Bununla yanaşı, Azərbaycan Könüllülük Modelinin beynəlxalq arenada tanıdılması və yayılması da İttifaqın əsas fəaliyyət istiqamətlərindəndir. Xüsusilə Mərkəzi Asiya dövlətləri ilə təcrübə mübadiləsinin genişləndirilməsi, uğurlu təcrübələrin paylaşılması və Azərbaycanın könüllülük sahəsində nümunəvi model kimi təşviqi istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir.

-Müasir dövrdə könüllülük fəaliyyəti gənclərin şəxsi inkişafına, liderlik bacarıqlarına və vətəndaş məsuliyyətinə necə təsir göstərir?

-Müasir dövrdə könüllülük fəaliyyəti gənclərin şəxsi inkişafında mühüm rol oynayır. Könüllülük gənclərə komanda işi, effektiv ünsiyyət, problem həll etmə və qərarvermə kimi bacarıqları praktik şəkildə inkişaf etdirmək imkanı yaradır. Xüsusilə müxtəlif beynəlxalq və yerli tədbirlərdə iştirak edən könüllü gənclər liderlik keyfiyyətlərini gücləndirir, məsuliyyət hissini artırır və yeni sosial çevrə qazanırlar. Bununla yanaşı, könüllülük fəaliyyəti vətəndaş məsuliyyətinin formalaşmasına da ciddi təsir göstərir. Könüllü gənclər cəmiyyətin problemlərinə daha həssas yanaşır, ictimai proseslərdə aktiv iştirak etməyə başlayır və sosial fayda yaratmağın əhəmiyyətini dərk edirlər. 

Könüllü gənclər cəmiyyətin problemlərinə daha həssas yanaşır,
ictimai proseslərdə aktiv iştirak etməyə başlayır və sosial fayda
yaratmağın əhəmiyyətini dərk edirlər

 -Azərbaycanda könüllülük hərəkatının son illərdə qazandığı uğurları hansı konkret nümunələrlə qiymətləndirmək olar? 

-Son illərdə Azərbaycanda könüllülük hərəkatı böyük inkişaf yolu keçib və bu sahədə əldə olunan uğurlar artıq beynəlxalq səviyyədə də diqqət çəkir. Ölkəmizdə formalaşmış könüllülük modeli bu gün bir çox dövlətlər üçün nümunə hesab olunur. Könüllülük fəaliyyəti qanunvericilik əsasında sistemli şəkildə tənzimlənir və bu sahədə dayanıqlı idarəetmə modeli formalaşdırılıb. Xüsusilə beynəlxalq tədbirlər zamanı Azərbaycan könüllülərinin fəaliyyəti yüksək qiymətləndirilib. COP29 tədbiri çərçivəsində cəmi 24 saat ərzində 9000 nəfərin könüllü olmaq üçün qeydiyyatdan keçməsi ölkəmizdə könüllülüyə olan marağın və etimadın ən bariz göstəricilərindən biridir. Bu rekord göstərici gənclərin ictimai proseslərdə iştirak həvəsinin yüksək olduğunu nümayiş etdirir. Könüllülük hərəkatının inkişafını göstərən digər mühüm göstəricilərdən biri də Formula 1 Azərbaycan Qran Prisi üzrə könüllü proqramına olan yüksək maraqdır. Belə ki, 2026-cı il Formula 1 Azərbaycan Qran Prisi üçün könüllü proqramına cəmi 72 saat ərzində 49 min müraciət daxil olub ki, bu da yarışın tarixində qeydə alınmış ən yüksək nəticədir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2024-cü ildə 16 min, ötən il isə 31 min təşkil edib. Formula 1-in Bakıda 10 illik yubileyinin qeyd olunması da könüllü proqramına marağın daha da artmasına səbəb olub. Eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində 2500 könüllü gənc fəaliyyət göstərib. Bu mötəbər beynəlxalq tədbirdə könüllülərin aktiv iştirakı onların peşəkar bacarıqlarının inkişafına, beynəlxalq təcrübə qazanmasına və Azərbaycanın könüllülük modelinin dünya miqyasında tanıdılmasına mühüm töhfə verib. Bütün bu göstəricilər Azərbaycanda könüllülüyün artıq sadəcə ictimai fəaliyyət deyil, gənclərin inkişafı, vətəndaş iştirakçılığı və beynəlxalq təmsilçilik baxımından güclü bir platformaya çevrildiyini göstərir.

 -Gənclərin ictimai fəallığının artırılması istiqamətində təşkilatınız hansı innovativ layihələri və təşəbbüsləri həyata keçirir?

 -İttifaq tərəfindən həyata keçirilən inkişaf proqramları, forumlar, sosial aksiyalar, beynəlxalq mübadilə proqramları və könüllü düşərgələri gənclərin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafına töhfə verir. Eyni zamanda, rəqəmsal platformalar üzərindən tətbiq olunan qeydiyyat və idarəetmə sistemləri könüllülük fəaliyyətini daha əlçatan, çevik və effektiv edir. Bütün bu təşəbbüslərin əsas məqsədi gənclərin ictimai fəallığını artırmaq, onların cəmiyyət həyatında daha aktiv iştirakını təmin etmək və gələcəyin liderləri kimi formalaşmasına dəstək olmaqdır. Bu istiqamətdə həyata keçirdiyimiz innovativ layihələrdən biri də yaxın günlərdə açılış mərasimi baş tutan “Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) proqramıdır. Layihənin əsas məqsədi yeni nəsil gənc liderlərin formalaşdırılması, könüllülərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların idarəetmə, kommunikasiya, strateji düşüncə və komanda işi sahələrində potensialının gücləndirilməsidir. KLİK çərçivəsində iştirakçılar üçün təlimlər, mentorluq proqramları, praktiki tapşırıqlar və təcrübə mübadiləsi imkanları yaradılır. Bu proqram vasitəsilə yalnız aktiv könüllülərin deyil, gələcəkdə vətəndaş cəmiyyətinin və müxtəlif sahələrin inkişafına töhfə verəcək lider şəxslərin yetişdirilməsi hədəflənir.

- Azərbaycan Könüllü Təşkilatları İttifaqı beynəlxalq əməkdaşlıq və qlobal könüllülük platformalarında ölkəmizi necə təmsil edir?

-AKTİ beynəlxalq əməkdaşlıq istiqamətində fəal fəaliyyət göstərərək ölkəmizi müxtəlif qlobal platformalarda uğurla təmsil edir. 2025-ci ildə İttifaqın Beynəlxalq Könüllülər Mərkəzinə sədrlik etməsi bu sahədə Azərbaycanın artan nüfuzunun göstəricisidir. Sədrlik dövründə bir sıra beynəlxalq layihələr və tədbirlər həyata keçirilib. Xüsusilə Türk Dövlətləri Təşkilatının “III Gənclər Könüllülük və Təhsil Proqramı”nın açılış mərasiminin təşkil olunması türkdilli ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdi. Cari ildə isə Özbəkistan Respublikasında İttifaqın nümayəndə heyəti “Mərkəzi Asiya Könüllülər Akademiyası”nın yaradılmasında iştirak edib. Bu təşəbbüs region ölkələri arasında könüllülük sahəsində təcrübə mübadiləsinin genişlənməsi və beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda İttifaq beynəlxalq səviyyədə bir sıra uğurlara imza atıb. Qazaxıstan Respublikasında “Könüllülük sahəsində beynəlxalq əməkdaşlığa görə” nominasiyası üzrə qalib seçilməsi Azərbaycanın könüllülük modelinə verilən yüksək qiymətin göstəricisidir. Bu uğurlar ölkəmizin beynəlxalq könüllülük platformalarında nüfuzunu daha da artırır.

-Könüllülük fəaliyyətində qarşıya çıxan əsas çətinliklər hansılardır və bu problemlərin həlli üçün hansı mexanizmlər tətbiq olunur?

 -Könüllülük fəaliyyəti dinamik və genişmiqyaslı bir sahə olduğu üçün burada müxtəlif istiqamətlər üzrə inkişaf və uyğunlaşma tələb olunur. Əsas diqqət isə könüllü gənclərin könüllülük fəaliyyətini təhsil və şəxsi inkişaf prosesi ilə düzgün şəkildə uzlaşdırmasına yönəlir. Bu iki mühüm istiqamətin paralel şəkildə və balanslı formada davam etdirilməsi könüllülük ekosisteminin dayanıqlılığı baxımından vacibdir. Bu məqsədlə  İttifaqı tərəfindən çevik iştirak modelləri, mərhələli inkişaf proqramları və fərdi yanaşmaya əsaslanan mexanizmlər tətbiq olunur. Könüllü gənclərin həm akademik fəaliyyətlərini, həm də könüllü təşəbbüslərdə iştirakını effektiv şəkildə planlamaları üçün müxtəlif təlimlər və istiqamətləndirici proqramlar həyata keçirilir. Bununla yanaşı könüllülərin fəaliyyətinin qiymətləndirilməsi, sertifikatlaşdırılması və müxtəlif inkişaf imkanlarının təqdim olunması onların prosesə daha davamlı şəkildə cəlb edilməsinə şərait yaradır. Digər tərəfdən könüllülük sahəsində qarşılaşdığımız əsas çağırışlardan biri könüllülərlə iş üzrə peşəkar menecerlərin və təlimçilərin sayının məhdud olmasıdır. Bu istiqamətdə AKTİ tərəfindən davamlı tədbirlər həyata keçirilir. İttifaq könüllülərin idarə olunması, liderlik, təlimçilik və təşkilati inkişaf sahələrində ixtisaslaşmış kadrların yetişdirilməsi məqsədilə müxtəlif təlim proqramları, inkişaf layihələri və mentorluq təşəbbüsləri reallaşdırır. Məqsəd könüllülük ekosisteminin dayanıqlı inkişafını təmin edəcək peşəkar menecer və təlimçi bazasının formalaşdırılmasıdır.

-Rəqəmsallaşma və sosial media dövründə gənclərin könüllülük fəaliyyətinə marağını artırmaq üçün hansı yeni yanaşmalar vacib hesab edilir?

 -Rəqəmsallaşma və sosial media dövründə gənclərin könüllülük fəaliyyətinə marağını artırmaq üçün innovativ və dinamik yanaşmalar xüsusi əhəmiyyət daşıyır. Sosial media platformaları artıq könüllü gənclərlə ünsiyyətin ən effektiv vasitələrindən biridir və könüllülük fəaliyyətinin təşviqində geniş imkanlar yaradır. Bu istiqamətdə uğurlu könüllü hekayələrinin paylaşılması, interaktiv kampaniyalar, rəqəmsal qeydiyyat sistemləri və onlayn təlim platformaları gənclərin diqqətini daha çox cəlb edir. Xüsusilə süni intellekt alətlərindən istifadənin təşviqi, rəqəmsal bacarıqların artırılması və innovativ texnologiyaların könüllülük fəaliyyətinə inteqrasiyası müasir dövrdə vacib yanaşmalardan hesab olunur. Eyni zamanda, ölkəmizdə keçirilən Media Savadlılığı Həftəsi çərçivəsində könüllülər üçün ayrıca intellektual yarışların təşkil olunması da gənclərin bu sahəyə marağının artırılması baxımından əhəmiyyətlidir.

-Bölgələrdə yaşayan gənclərin könüllülük proqramlarına cəlb olunması istiqamətində hansı addımlar atılır?

-Bölgələrdə yaşayan gənclərin könüllülük proqramlarına cəlb olunması bizim prioritet istiqamətlərimizdən biridir. Bu məqsədlə regionlarda müxtəlif maarifləndirici görüşlər, təlimlər və sosial layihələr təşkil olunur. İttifaq region gənclərinin potensialının üzə çıxarılması və onların ölkə səviyyəli layihələrdə iştirakının artırılması üçün xüsusi proqramlar həyata keçirir. Bundan əlavə, regionlarda təşkil olunan layihə və tədbirlər zamanı könüllü gənclər üçün xüsusi kvotaların ayrılması onların bu prosesə birbaşa və daha fəal şəkildə qoşulmasına imkan yaradır. Eyni zamanda, İttifaq çətir təşkilat olaraq üzv könüllü təşkilatların regional nümayəndəlikləri ilə sıx əməkdaşlıq edir. Bu nümayəndəliklər vasitəsilə bölgələrdə görüşlər, layihələr və müxtəlif fəaliyyətlər həyata keçirilir. Bəzi könüllü gənclər üçün Bakıya gələrək proqramlarda iştirak etmək çətin ola bilər. Bu səbəbdən, üzv təşkilatların regionlarda fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə könüllü gənclərin könüllülük fəaliyyətlərinə cəlb olunmasına, onların yaşadıqları ərazidə inkişaf imkanlarından yararlanmasına xüsusi diqqət yetirilir.

- Gələcək perspektiv baxımından Azərbaycan Könüllü Təşkilatları İttifaqının əsas hədəfləri və gənclərə vermək istədiyi başlıca mesaj nədir?

-Gələcək perspektiv baxımından Azərbaycan Könüllü Təşkilatları İttifaqının əsas hədəfləri və gənclərə vermək istədiyi başlıca mesaj nədir? -Gələcək perspektiv baxımından Azərbaycan Könüllü Təşkilatları İttifaqının əsas hədəfi könüllülük fəaliyyətini daha da genişləndirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və gənclərin inkişafına töhfə verən dayanıqlı layihələrin sayını artırmaqdır. İttifaq, eyni zamanda, Azərbaycanın könüllülük modelinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək. Könüllü gənclərə əsas mesajımız isə budur ki, könüllülük yalnız bir fəaliyyət deyil, həm də inkişaf, təcrübə və gələcək üçün böyük fürsətdir. Könüllü olmaq insanın həm cəmiyyətə fayda verməsinə, həm də özünü inkişaf etdirməsinə imkan yaradır. İnanırıq ki, fəal, təşəbbüskar və sosial məsuliyyətli gənclər Azərbaycanın gələcəyinin əsas aparıcı qüvvəsidir.
Azərbaycanda könüllülük hərəkatı artıq gənclərin ictimai fəallığını artıran təşəbbüsdən daha geniş məna daşıyır. Bu gün o, milli həmrəyliyi möhkəmləndirən, vətəndaş cəmiyyətinin inkişafına töhfə verən, ölkənin beynəlxalq nüfuzunu gücləndirən mühüm sosial platformaya çevrilib. Dövlət dəstəyi, gənclərin yüksək fəallığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sistemli fəaliyyəti bu hərəkatın davamlı inkişafını təmin edən əsas amillər sırasındadır. Qarşıdakı dövrdə də yeni layihələr, beynəlxalq əməkdaşlıq və innovativ təşəbbüslərlə könüllülük ənənələrinin daha da möhkəmlənəcəyi və daha geniş gənc auditoriyasını əhatə edəcəyi şübhə doğurmur.

Yaqut Ağaşahqızı,”İki sahil"