AKTİ könüllülük fəaliyyətinin daha sistemli, dayanıqlı və təsirli inkişafını əsas prioritetlərdən biri hesab edir
Azərbaycanda könüllülük hərəkatı son illər keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksələrək gənclərin ictimai fəallığının artırılmasında və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən sistemli tədbirlər könüllülük institutunun daha da güclənməsinə və beynəlxalq miqyasda tanınmasına şərait yaradıb.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Vüqar Əliyev "İki sahil"ə müsahibəsində bildirib ki, İttifaqın əsas missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafına töhfə vermək, onun institutlaşması istiqamətində yeni imkanlar yaratmaq, könüllülük üçün formalaşdırılmış münbit mühiti daha da gücləndirmək və könüllü gənclərin ictimai fəallığını artırmaqdan ibarətdir.
Onun sözlərinə görə, AKTİ müxtəlif könüllü təşkilatlarını vahid platformada birləşdirərək gənclərin fərdi inkişafına, sosial məsuliyyətinin formalaşmasına və vətəndaş cəmiyyətində aktiv iştirakına dəstək göstərir.
V.Əliyev qeyd edib ki, könüllülük fəaliyyəti Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı istiqamətlərindən biri olmaqla yanaşı, bu siyasətin əsas sütunlarından hesab olunur. O vurğulayıb ki, könüllülük gənclərin şəxsi inkişafı, vətəndaş iştirakçılığı, liderlik bacarıqlarının formalaşdırılması və cəmiyyətə töhfə verməsi baxımından mühüm platformadır.
AKTİ sədri diqqətə çatdırıb ki, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə söykənən, artıq ölkədə gündəlik həyat normasına çevrilmiş könüllülük fəaliyyətinin səmərəliliyinin və məhsuldarlığının artırılması İttifaqın əsas prioritetləri sırasındadır. Bu istiqamətdə həyata keçirilən layihə və proqramlar könüllülük fəaliyyətinin daha sistemli, dayanıqlı və təsirli şəkildə inkişafına xidmət edir.
Vüqar Əliyev əlavə edib ki, Azərbaycan Könüllülük Modelinin beynəlxalq arenada tanıdılması və yayılması da AKTİ-nin əsas fəaliyyət istiqamətlərindən biridir. Xüsusilə Mərkəzi Asiya dövlətləri ilə təcrübə mübadiləsinin genişləndirilməsi, uğurlu təcrübələrin paylaşılması və Azərbaycanın könüllülük sahəsində nümunəvi model kimi təşviqi istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir.
Yaqut Ağaşahqızı,”İki sahil"