20 iyul 2026 12:40
152

Vüqar Əliyev: Könüllülük gənclərdə liderlik və vətəndaş məsuliyyətini formalaşdırır

Könüllülük fəaliyyəti gənclərin praktiki bacarıqlarının inkişafına və ictimai proseslərdə fəal iştirakına mühüm töhfə verir

Müasir dövrdə könüllülük fəaliyyəti təkcə ictimai fayda yaratmaq baxımından deyil, həm də gənclərin fərdi inkişafına, liderlik potensialının üzə çıxarılmasına və vətəndaş məsuliyyətinin gücləndirilməsinə xidmət edən mühüm platforma kimi qiymətləndirilir. Bu istiqamətdə həyata keçirilən layihələr gənclərin bilik və bacarıqlarını real fəaliyyət mühitində inkişaf etdirmələrinə geniş imkan yaradır.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "İki sahil"ə müsahibəsində bu barədə danışıb.

Vüqar Əliyev bildirib ki, müasir dövrdə könüllülük fəaliyyəti gənclərin şəxsi inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, könüllülük gənclərə komanda işi, effektiv ünsiyyət, problem həll etmə və qərarvermə kimi bacarıqları praktik şəkildə inkişaf etdirmək imkanı yaradır.

AKTİ sədri qeyd edib ki, müxtəlif beynəlxalq və yerli tədbirlərdə iştirak edən könüllü gənclər liderlik keyfiyyətlərini gücləndirir, məsuliyyət hissini artırır və yeni sosial çevrə qazanırlar.

V.Əliyev vurğulayıb ki, könüllülük fəaliyyəti eyni zamanda vətəndaş məsuliyyətinin formalaşmasına da ciddi təsir göstərir. Onun sözlərinə görə, könüllü gənclər cəmiyyətin problemlərinə daha həssas yanaşır, ictimai proseslərdə aktiv iştirak etməyə başlayır və sosial fayda yaratmağın əhəmiyyətini daha dərindən dərk edirlər.

Yaqut Ağaşahqızı,”İki sahil"