COP29, Formula 1 və WUF13 üzrə qeydə alınan rekord göstəricilər ölkədə könüllülük hərəkatına artan marağın bariz ifadəsidir
Azərbaycanda könüllülük hərəkatı son illər davamlı inkişaf edərək həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə diqqət çəkən nəticələr əldə edib. Beynəlxalq tədbirlərdə Azərbaycan könüllülərinin fəallığı, könüllü proqramlarına artan maraq və formalaşmış idarəetmə modeli bu sahənin uğurlu inkişafını təsdiqləyən əsas göstəricilər sırasındadır.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "İki sahil"ə müsahibəsində bu barədə danışıb.

Vüqar Əliyev bildirib ki, son illərdə Azərbaycanda könüllülük hərəkatı böyük inkişaf yolu keçib və bu sahədə əldə olunan uğurlar artıq beynəlxalq səviyyədə də diqqət çəkir. Onun sözlərinə görə, ölkəmizdə formalaşmış könüllülük modeli bu gün bir çox dövlətlər üçün nümunə hesab olunur, könüllülük fəaliyyəti qanunvericilik əsasında sistemli şəkildə tənzimlənir və bu sahədə dayanıqlı idarəetmə modeli formalaşdırılıb.
AKTİ sədri qeyd edib ki, beynəlxalq tədbirlər zamanı Azərbaycan könüllülərinin fəaliyyəti yüksək qiymətləndirilib. O bildirib ki, COP29 çərçivəsində cəmi 24 saat ərzində 9 min nəfərin könüllü olmaq üçün qeydiyyatdan keçməsi ölkədə könüllülüyə olan marağın və etimadın ən bariz göstəricilərindən biridir.
V.Əliyev diqqətə çatdırıb ki, Formula 1 Azərbaycan Qran Prisi üzrə könüllü proqramına maraq da ildən-ilə artır. Onun sözlərinə görə, 2026-cı il Formula 1 Azərbaycan Qran Prisi üçün könüllü proqramına cəmi 72 saat ərzində 49 min müraciət daxil olub ki, bu da yarışın tarixində qeydə alınmış ən yüksək nəticədir. Müqayisə üçün, bu göstərici 2024-cü ildə 16 min, ötən il isə 31 min olub. O əlavə edib ki, Formula 1-in Bakıda 10 illik yubileyinin qeyd olunması da könüllü proqramına marağın artmasına təsir göstərib.
AKTİ sədri bildirib ki, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində 2500 könüllü gənc fəaliyyət göstərib. Onun sözlərinə görə, bu mötəbər beynəlxalq tədbirdə könüllülərin fəal iştirakı onların peşəkar bacarıqlarının inkişafına, beynəlxalq təcrübə qazanmasına və Azərbaycanın könüllülük modelinin dünya miqyasında tanıdılmasına mühüm töhfə verib.
Vüqar Əliyev vurğulayıb ki, bütün bu göstəricilər Azərbaycanda könüllülüyün artıq sadəcə ictimai fəaliyyət deyil, gənclərin inkişafı, vətəndaş iştirakçılığı və beynəlxalq təmsilçilik baxımından güclü platformaya çevrildiyini göstərir.
Yaqut Ağaşahqızı,”İki sahil"