20 iyul 2026 11:51
161

Könüllülük fəaliyyətinin dayanıqlılığı üçün yeni inkişaf mexanizmləri tətbiq olunur

Vüqar Əliyev: AKTİ könüllülərin təhsil, şəxsi inkişaf və ictimai fəaliyyət arasında balansı təmin etməyə, peşəkar kadr potensialını gücləndirməyə çalışır

Könüllülük hərəkatının davamlı inkişafı yalnız iştirakçı sayının artması ilə deyil, həm də bu sahədə səmərəli idarəetmə mexanizmlərinin və peşəkar yanaşmaların tətbiqi ilə ölçülür. Bu baxımdan könüllülərin inkişafına yönəlmiş proqramların həyata keçirilməsi və sahə üzrə insan resurslarının gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "İki sahil"ə müsahibəsində bu barədə fikirlərini bölüşüb.

Vüqar Əliyev bildirib ki, könüllülük fəaliyyəti dinamik və genişmiqyaslı sahə olduğu üçün burada müxtəlif istiqamətlər üzrə inkişaf və uyğunlaşma tələb olunur. Onun sözlərinə görə, əsas diqqət könüllü gənclərin könüllülük fəaliyyətini təhsil və şəxsi inkişaf prosesi ilə düzgün şəkildə uzlaşdırmasına yönəlir.

AKTİ sədri qeyd edib ki, bu iki mühüm istiqamətin paralel və balanslı şəkildə davam etdirilməsi könüllülük ekosisteminin dayanıqlılığı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə İttifaq tərəfindən çevik iştirak modelləri, mərhələli inkişaf proqramları və fərdi yanaşmaya əsaslanan mexanizmlər tətbiq olunur.

V.Əliyev vurğulayıb ki, könüllü gənclərin həm akademik fəaliyyətlərini, həm də könüllü təşəbbüslərdə iştirakını səmərəli şəkildə planlaşdırmaları üçün müxtəlif təlimlər və istiqamətləndirici proqramlar həyata keçirilir. Eyni zamanda, könüllülərin fəaliyyətinin qiymətləndirilməsi, sertifikatlaşdırılması və onlara müxtəlif inkişaf imkanlarının təqdim olunması prosesdə daha davamlı iştirak üçün əlverişli şərait yaradır.

AKTİ sədri diqqətə çatdırıb ki, könüllülük sahəsində mövcud əsas çağırışlardan biri də könüllülərlə iş üzrə peşəkar menecerlərin və təlimçilərin sayının məhdud olmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə İttifaq tərəfindən davamlı tədbirlər görülür, könüllülərin idarə olunması, liderlik, təlimçilik və təşkilati inkişaf sahələrində ixtisaslaşmış kadrların hazırlanması məqsədilə müxtəlif təlim proqramları, inkişaf layihələri və mentorluq təşəbbüsləri həyata keçirilir.

Vüqar Əliyev bildirib ki, əsas məqsəd könüllülük ekosisteminin dayanıqlı inkişafını təmin edəcək peşəkar menecer və təlimçi bazasının formalaşdırılmasıdır.

Yaqut Ağaşahqızı,”İki sahil"