Süni intellekt alətləri, rəqəmsal platformalar və interaktiv təşəbbüslər gənclərin könüllülük fəaliyyətinə marağının artırılmasında mühüm rol oynayır
Rəqəmsal texnologiyaların sürətli inkişafı könüllülük fəaliyyətinin təşkili və təşviqinə də yeni yanaşmalar gətirib. Müasir dövrdə sosial media və innovativ texnologiyalar gənclərlə daha səmərəli ünsiyyət qurmaq, onların könüllülük proqramlarına cəlb olunmasını genişləndirmək baxımından mühüm imkanlar yaradır.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "İki sahil"ə müsahibəsində bu barədə fikirlərini bölüşüb.
Vüqar Əliyev bildirib ki, rəqəmsallaşma və sosial media dövründə gənclərin könüllülük fəaliyyətinə marağını artırmaq üçün innovativ və dinamik yanaşmalar xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sosial media platformaları artıq könüllü gənclərlə ünsiyyətin ən effektiv vasitələrindən biridir və könüllülük fəaliyyətinin təşviqində geniş imkanlar yaradır.
AKTİ sədri qeyd edib ki, uğurlu könüllü hekayələrinin paylaşılması, interaktiv kampaniyalar, rəqəmsal qeydiyyat sistemləri və onlayn təlim platformaları gənclərin diqqətini bu sahəyə daha çox cəlb edir. V.Əliyev vurğulayıb ki, süni intellekt alətlərindən istifadənin təşviqi, rəqəmsal bacarıqların artırılması və innovativ texnologiyaların könüllülük fəaliyyətinə inteqrasiyası müasir dövrdə vacib yanaşmalardan hesab olunur.
O əlavə edib ki, ölkəmizdə keçirilən Media Savadlılığı Həftəsi çərçivəsində könüllülər üçün ayrıca intellektual yarışların təşkili də gənclərin bu sahəyə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Yaqut Ağaşahqızı,”İki sahil"