Müəllimin peşəkarlığı yalnız verdiyi biliklə deyil, öyrənənlərdə formalaşdırdığı düşüncə tərzi, dəyərlər sistemi və öyrənməyə davamlı motivasiya ilə ölçülür
Hər bir cəmiyyətin inkişafı, ilk növbədə, təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin keyfiyyətini müəyyən edən əsas amillərdən biri isə düşünməyi öyrədən, analitik təfəkkürü formalaşdıran fundamental fənlərin, xüsusilə də riyaziyyatın tədrisidir. Riyaziyyat yalnız rəqəmlər, düsturlar və hesablamalar sistemi deyil; o, məntiqi təfəkkürün, sistemli yanaşmanın, qərarvermə bacarığının və yaradıcı düşüncənin formalaşmasına xidmət edən mühüm elm sahəsidir. Bu baxımdan riyaziyyatın necə öyrədilməsi, hansı metodlarla tədris olunması və gələcəyin müəllimlərinin necə hazırlanması müasir təhsil siyasətinin ən vacib istiqamətlərindən biridir.
Azərbaycanda riyaziyyatın tədrisi metodikası sahəsində uzun illər səmərəli elmi-pedaqoji fəaliyyət göstərən, müəllim hazırlığında və metodik fikrin inkişafında mühüm xidmətləri olan alimlərdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məlahət Abdullayevadır. O, zəngin pedaqoji təcrübəsini elmi araşdırmalarla uğurla birləşdirərək riyaziyyat təhsilinin müasir tələblərə uyğun inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərir, gələcək müəllimlərin peşəkar formalaşmasına öz töhfəsini verir.
Müasir dövrdə təhsil sistemi yeni çağırışlarla üz-üzədir. Rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin tədris prosesinə inteqrasiyası, kurikulum islahatları və qlobal təhsil tendensiyaları müəllimdən daha yüksək peşəkarlıq, çeviklik və innovativ yanaşma tələb edir. Belə bir zamanda riyaziyyatın tədrisi metodikasına dair elmi baxışlar, praktik təcrübə və gələcəyə hesablanmış yanaşmalar xüsusi əhəmiyyət kəsb edir.
"İki sahil"ə müsahibəsində dosent Məlahət Abdullayeva riyaziyyatın müasir tədris metodları, müəllim hazırlığının prioritetləri, elmi tədqiqatların təhsildə rolu, rəqəmsal texnologiyaların yaratdığı imkanlar, süni intellektin tədris prosesinə təsiri, eləcə də gələcəyin riyaziyyat müəlliminin malik olmalı olduğu peşəkar və mənəvi keyfiyyətlər barədə dəyərli fikirlərini bölüşür. Söhbətimiz təkcə riyaziyyat təhsilinin bu günü deyil, həm də sabahı haqqında düşünmək üçün oxucuya geniş baxış bucağı təqdim edir.

-İlk olaraq, özünüzü oxucularımıza necə təqdim edərdiniz? Pedaqoji fəaliyyətə və riyaziyyatın tədrisi metodikası sahəsinə gəlməyinizə hansı amillər təsir göstərib?
-Hər şeydən əvvəl, mən özümü öyrənməyi və öyrətməyi həyatının əsas dəyərlərindən biri hesab edən bir müəllim və tədqiqatçı kimi təqdim edərdim. Müəllimlik yalnız bilik ötürmək deyil, həm də düşünməyi, araşdırmağı, izah etməyi, sual verməyi və həyatı anlamağı öyrətmək sənətidir. Məhz bu fəaliyyətlər insandan yüksək peşəkarlıqla yanaşı, həm də böyük məsuliyyət, səbir və daim öz üzərində işləməyi, çalışmağı tələb edir.
5–6-cı siniflərdə oxuyarkən gələcək peşə seçimimlə bağlı düşüncələrim fərqli idi. Həmin dövrdə həkim olmağı arzulayırdım. Anam səhiyyə sahəsində çalışdığından, imkan olduqca onun işinə kömək edir, həkimlərin fəaliyyətini böyük maraqla izləyirdim. Orada çalışan həkimlərin "Sən gələcəyin ən yaxşı həkimi olacaqsan" sözləri də bu arzumu daha da möhkəmləndirirdi.
Lakin zaman keçdikcə riyaziyyata olan marağım getdikcə dərinləşirdi. Yuxarı siniflərə keçdikcə riyaziyyat çalışmalarını müstəqil həll edir, eyni zamanda sinif yoldaşlarıma və dostlarıma çətinlik çəkdikləri mövzuları izah edir, məsələlərin həllində onlara kömək edirdim. Məhz həmin dövrdə anladım ki, məni cəlb edən təkcə riyaziyyatın özü deyil, onu başqalarına öyrətmək də maraqlıdır.
Bu istiqamətdə qəti qərar verməyimə səbəb olan bir hadisəni isə bu gün də çox dəqiq xatırlayıram. 7-ci sinifdə oxuyurdum (indiki təhsil sistemi üzrə 8-ci sinif). Soyuq qış günlərindən biri idi – fevralın 14-ü. Rayonumuzda nəşr olunan “Çağırış” qəzetində gənc riyaziyyatçı alim Sabir Mirzəyev (Bakı Dövlət Universitetinin professoru) haqqında dərc olunmuş bir məqaləni oxudum. Həmin yazı məndə o qədər dərin təəssürat yaratdı ki, ilk dəfə gələcək peşə seçimimə tam əminliklə qərar verdim və öz-özümə: “Mən riyaziyyat müəllimi olacağam” dedim. Dediyim sözləri hətta qəzetin üstündə də qeyd etdim. İllər keçsə də, o qəzet, həmin tarix və verdiyim qərar yaddaşımda dəyişməz qalıb.
Peşə seçimimə təsir göstərən və bu gün də minnətdarlıq hissi ilə xatırladığım bir hadisə də riyaziyyat dərsi ilə bağlıdır: 8-ci sinifdə (indiki təhsil sistemi üzrə 9-cu sinif) oxuyurdum. Bir müddət riyaziyyat müəllimimizi Əbdüləli müəllim əvəz edəcəkdi. O, məktəbdə yüksək biliyi, tələbkarlığı və prinsipiallığı ilə tanınırdı. Təbii ki, riyaziyyat dərsimizi əvəz edən müəllim haqqında eşitdiklərimiz bizdə həyəcan yaratmışdı. Onu da qeyd edim ki, öz müəllimiz də çox tələbkar idi, aşağı siniflərdə əla qiyməti bir neçə şagirdə yazsa da, buraxılış sinfində yalnız mənə yazırdı. Buna baxmayaraq, bəlkə də sinifdə ən çox həyəcan keçirən də elə mən idim. Çünki üzərimdə həm müəllimimin, həm də valideynlərimin yüksək gözləntilərini doğrultmaq məsuliyyəti var idi.
Əbdüləli müəllim ilk dərsimizdə davamiyyəti yoxladıqdan sonra məni lövhəyə çağırdı. Dərsin sonuna kimi lövhənin qarşısında həm şifahi, həm də yazılı şəkildə müəllimin suallarını cavablandırdım. Dərsin sonunda xoş sözlərlə bərabər “Səndən çox yaxşı riyaziyyat müəllimi olar. Bu peşəni seç” dedi. Sonrakı illərdə təhsildə qarşılaşdığım çətinliklərdə və peşə seçimimlə bağlı qərarlar verərkən həmin sözləri dəfələrlə xatırlamışam. Bu gün də hesab edirəm ki, müəllimin şagirdinə vaxtında dediyi bir cümlə bəzən onun gələcək həyat yolunun müəyyənləşməsində həlledici rol oynayır. Mənim həyatımda da məhz belə oldu.
Beləliklə, 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun riyaziyyat fakültəsini bitirdim. Fəal tələbə idim. İctimai işlərdə iştirak edir, tələbə elmi cəmiyyətinin təşkil etdiyi tədbirlərdə müxtəlif elmi məqalələrlə çıxış edirdim.
2007-ci ildə dissertantı olduğum Azərbaycan Dövlət Pedaqoji Universitetin “Riyaziyyat və onun tədrisi metodikası” (hazırda “Riyaziyyat və onun tədrisi texnologiyası”) kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində işləyirəm. 2014-cü ildən hal-hazıra kimi müsabiqə yolu ilə SABAH qruplarında da dərs aparıram.
-Uzun illərdir riyaziyyatın tədrisi metodikası istiqamətində fəaliyyət göstərirsiniz. Bu sahənin inkişaf dinamikasını necə qiymətləndirirsiniz?
-Riyaziyyatın tədrisi metodikası daim inkişaf edən və cəmiyyətin, elmin, texnologiyanın tələblərinə uyğun olaraq yenilənən bir sahədir. Uzun illər bu istiqamətdə çalışan bir mütəxəssis kimi deyə bilərəm ki, son onilliklər ərzində riyaziyyatın tədrisinə yanaşmalarda əhəmiyyətli dəyişikliklər baş vermişdir. Əgər əvvəllər əsas diqqət şagirdlərə hazır biliklərin ötürülməsinə yönəlirdisə, bu gün əsas məqsəd onların məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirmək, problem həll etmə, qərarvermə və əməkdaşlıq bacarıqlarını formalaşdırmaqdır.
Müasir təhsil konsepsiyaları, rəqəmsal texnologiyaların sürətli inkişafı və süni intellektin təlim prosesinə daxil olması riyaziyyatın tədrisi metodikasına da yeni baxışların formalaşmasını zəruri etmişdir. Bu gün müəllimdən yalnız fənni mükəmməl bilməsi deyil, eyni zamanda müxtəlif təlim strategiyalarını tətbiq etməsi, müasir rəqəmsal alətlərdən səmərəli istifadə etməsi, hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə alaraq öyrənmə mühiti yaratması gözlənilir.
Gələcəyin müəllimi yalnız pedaqoji və metodik nəzəriyyələri bilməməli,
eyni zamanda, onları müxtəlif təlim mühitlərində tətbiq etməyi,
qarşıya çıxan problemləri elmi əsaslarla təhlil etməyi və çevik qərarlar qəbul etməyi bacarmalıdır
Bununla yanaşı, hesab edirəm ki, metodik yeniliklərin uğuru onların sadəcə tətbiq edilməsində deyil, elmi əsaslandırılmasında və məqsədəuyğun seçilməsindədir. Hər bir yeni metod və ya texnologiya riyaziyyatın mahiyyətini daha dərindən dərk etməyə, şagirdin düşünmə fəaliyyətini fəallaşdırmağa və öyrənmənin keyfiyyətini yüksəltməyə xidmət etməlidir.
Azərbaycan təhsilində də son illərdə bu istiqamətdə mühüm addımlar atılmış, kurikulum islahatları, müəllim hazırlığının təkmilləşdirilməsi, qiymətləndirmə mexanizmlərinin yenilənməsi və rəqəmsal resursların geniş tətbiqi metodikanın inkişafına yeni imkanlar yaratmışdır. Bununla belə, hesab edirəm ki, qarşıda duran əsas vəzifələrdən biri müəllimlərin metodik hazırlığının davamlı şəkildə gücləndirilməsi, nəzəri biliklə praktik fəaliyyət arasında əlaqənin daha da möhkəmləndirilməsi və elmi tədqiqatların nəticələrinin məktəb təcrübəsinə səmərəli inteqrasiyasıdır.
Riyaziyyatın tədrisi metodikasının gələcək inkişaf perspektivlərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, elmi cəhətdən əsaslandırılmış metodik yanaşmaların, yüksək peşə hazırlığına malik müəllim potensialının və müasir təlim texnologiyalarının məqsədyönlü inteqrasiyası riyaziyyat təhsilinin keyfiyyətinin yüksəldilməsinin əsas şərtlərindəndir. Bununla yanaşı, metodik inkişaf yalnız yeni təlim vasitələrinin tətbiqi ilə məhdudlaşmamalı, riyazi təfəkkürün formalaşdırılmasına, məntiqi mühakimə yürütmə, problem həll etmə, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına xidmət etməlidir. Çünki riyaziyyatın tədrisi metodikası yalnız fənn biliklərinin ötürülməsinə deyil, yüksək intellektual potensiala, analitik təfəkkürə və müstəqil qərarvermə bacarıqlarına malik şəxsiyyətin formalaşdırılmasına xidmət edir.

-Sizcə, riyaziyyatın tədrisində əsas məqsəd yalnız şagirdə düstur və qaydaları öyrətməkdir, yoxsa bu fənn daha geniş düşüncə tərzinin formalaşmasına xidmət edir?
-Riyaziyyatın tədrisi yalnız düstur və qaydaların mənimsədilməsi ilə məhdudlaşmır, onun əsas məqsədi analitik düşüncə, məntiqi mühakimə və problem həll etmə bacarıqlarına malik şəxsiyyət formalaşdırmaqdır.
-Müasir dövrdə riyaziyyatın tədrisində müəllimdən tələb olunan əsas peşəkar keyfiyyətlər hansılardır?
-Müasir dövrdə riyaziyyat müəllimindən ilk növbədə yüksək fənn biliyi, metodik səriştə və pedaqoji peşəkarlıq tələb olunur. Bununla yanaşı, müəllim müasir təlim texnologiyalarını və rəqəmsal resursları təlim prosesinə məqsədyönlü inteqrasiya etməyi, şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq diferensiallaşdırılmış təlimi təşkil etməyi bacarmalıdır. Eyni zamanda, o, şagirdlərdə analitik və tənqidi təfəkkürü, problem həll etmə, məntiqi mühakimə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirən öyrənmə mühiti yaratmalı, fasiləsiz peşəkar inkişafını təmin edərək təhsil sahəsində baş verən yenilikləri öz pedaqoji fəaliyyətində tətbiq etməlidir.
-Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə rəqəmsal alətlər və süni intellekt riyaziyyatın tədrisinə hansı imkanları qazandırır? Bu prosesdə müəllimin rolu necə dəyişir?
-Rəqəmsal texnologiyaların və süni intellektin sürətli inkişafı riyaziyyatın tədrisində keyfiyyətcə yeni imkanlar yaratmışdır. Bu texnologiyalar təlim prosesinin daha çevik, fərdiləşdirilmiş, interaktiv və nəticəyönümlü təşkilinə şərait yaradır. Riyazi anlayışların vizuallaşdırılması, dinamik modelləşdirilməsi, simulyasiyalar, adaptiv öyrənmə platformaları, avtomatlaşdırılmış qiymətləndirmə sistemləri və öyrənmə analitikası şagirdlərin fərdi öyrənmə ehtiyaclarının müəyyənləşdirilməsinə, onların irəliləyişinin davamlı izlənilməsinə və vaxtında dəstəklənməsinə imkan verir. Süni intellekt əsaslı alətlər isə şagirdlərin bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş tapşırıqların hazırlanmasını, operativ əks-əlaqənin təmin edilməsini və təlim nəticələrinin daha dəqiq təhlilini mümkün edir.
Bununla yanaşı, hesab edirəm ki, rəqəmsal texnologiyalar və süni intellekt müəllimin rolunu əvəz etmir, əksinə, onun peşəkar fəaliyyətinin məzmununu yeni istiqamətdə zənginləşdirir. Əgər ənənəvi təlimdə müəllim əsas bilik mənbəyi kimi çıxış edirdisə, müasir təhsil mühitində o, öyrənmə prosesini layihələndirən, istiqamətləndirən, motivasiya yaradan və təlim nəticələrini elmi əsaslarla təhlil edən fasilitator və mentor rolunu yerinə yetirir. Müəllimin əsas vəzifəsi rəqəmsal resurslardan və süni intellekt alətlərindən pedaqoji məqsədlərə uyğun, elmi-metodik əsaslarla və balanslı şəkildə istifadə etməkdir.
Lakin burada mühüm bir məqamı xüsusi vurğulamaq istərdim. Riyaziyyatın tədrisində məqsəd şagirdə hazır cavabları çatdırmaq deyil, onlarda riyazi təfəkkürü, məntiqi mühakimə yürütmə və problem həll etmə bacarıqlarını formalaşdırmaqdır. Bu baxımdan süni intellekt öyrənmə prosesini asanlaşdıran və müəllimin fəaliyyətini dəstəkləyən səmərəli vasitə kimi çıxış etməli, şagirdin müstəqil düşünmə və araşdırma fəaliyyətini əvəz etməməlidir. Texnologiyanın təhsil üçün yaratdığı imkanlardan maksimum faydalanmaq yalnız pedaqoji məqsədyönlülük, müəllimin peşəkar səriştəsi və etik yanaşma təmin olunduğu halda mümkündür.
Hesab edirəm ki, gələcəyin riyaziyyat müəllimi rəqəmsal və süni intellekt texnologiyalarından səmərəli istifadə etməklə yanaşı, şagirdlərdə informasiya ilə işləmə, tənqidi qiymətləndirmə, alqoritmik və analitik düşünmə bacarıqlarını inkişaf etdirən, onları müstəqil öyrənməyə istiqamətləndirən və texnologiyadan məsuliyyətli istifadə mədəniyyətini formalaşdıran peşəkar mütəxəssis olmalıdır. Məhz bu yanaşma riyaziyyat təhsilinin müasir çağırışlara uyğun inkişafını təmin edən əsas amillərdən biridir.

-Şagirdlər arasında riyaziyyata marağın artırılması üçün hansı metod və yanaşmaları daha səmərəli hesab edirsiniz?
-Beynəlxalq təcrübə göstərir ki, şagirdlərdə riyaziyyata davamlı marağın formalaşdırılması ənənəvi məlumatötürücü təlimdən daha çox, şagirdyönümlü və fəaliyyətəsaslı öyrənmə mühitinin yaradılmasından asılıdır. Bu baxımdan probleməsaslı təlim, tədqiqatyönümlü öyrənmə, layihəəsaslı təlim, əməkdaşlığa əsaslanan öyrənmə və differensiallaşdırılmış təlim kimi yanaşmaların daha səmərəli olduğunu hesab edirəm. Bu metodlar şagirdin passiv dinləyici deyil, öyrənmə prosesinin fəal iştirakçısı kimi formalaşmasına şərait yaradır.
Eyni zamanda, riyazi anlayışların real həyat kontekstində təqdim edilməsi, modelləşdirmə, STEAM yanaşması, oyunlaşdırma elementləri, rəqəmsal təhsil resursları və dinamik riyaziyyat proqramlarından istifadə şagirdlərin öyrənmə motivasiyasını əhəmiyyətli dərəcədə artırır. Xüsusilə, dünyanın qabaqcıl təhsil sistemlərində riyaziyyatın gündəlik həyat, mühəndislik, iqtisadiyyat, informatika və süni intellekt kimi sahələrlə əlaqələndirilməsi şagirdlərdə bu fənnin praktik əhəmiyyətini dərk etməyə imkan yaradır.
Mənim fikrimcə, riyaziyyata marağın artırılmasının ən mühüm şərti müəllimin pedaqoji yanaşmasıdır. Müəllim hazır bilikləri təqdim edən deyil, şagirdləri düşünməyə, sual verməyə, araşdırmağa və müxtəlif həll strategiyaları irəli sürməyə istiqamətləndirən fasilitator olmalıdır. Məhz belə bir təlim mühiti şagirdlərdə riyaziyyatı əzbərlənən düsturlar toplusu kimi deyil, məntiqi düşüncə və problem həll etmə mədəniyyəti kimi qəbul etməyə imkan verir.
-Riyaziyyatın çətin fənn kimi qəbul olunmasının əsas səbəbləri nələrdir? Bu stereotipi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
-Riyaziyyatın çətin fənn kimi qəbul olunmasının əsas səbəbi, məncə, onun özünün mürəkkəbliyindən daha çox, təlim prosesinin necə təşkil edilməsindən irəli gəlir. Şagirdlərdə bu fənnə qarşı yaranan çətinlik hissi əksər hallarda riyazi anlayışların məntiqi əlaqələri və praktik tətbiqləri göstərilmədən, əsasən qayda və düsturların əzbərlədilməsinə üstünlük verilməsi, fərdi öyrənmə xüsusiyyətlərinin kifayət qədər nəzərə alınmaması və səhvə öyrənmə prosesinin təbii elementi kimi deyil, uğursuzluq kimi yanaşılması ilə bağlıdır. Nəticədə bir çox şagirddə erkən yaşlardan “riyaziyyatı öyrənməyi bacarmıram” kimi yanlış təsəvvür formalaşır.
Bu baxımdan pedaqoji təcrübənin, dərs müşahidələrinin,
praktik tapşırıqların və reflektiv fəaliyyətin müəllim hazırlığında xüsusi rolu vardır
Dünya təcrübəsi göstərir ki, bu stereotipin aradan qaldırılması üçün ilk növbədə riyaziyyatın öyrədilməsinə yanaşma dəyişməlidir. Təlim prosesi şagirdin məntiqi düşünməsinə, araşdırmasına, fərqli həll yolları axtarmasına və öz mühakimələrini əsaslandırmasına imkan yaratmalıdır. Müəllimin peşəkar mövqeyi həlledici əhəmiyyət daşıyır. Müəllim elə bir öyrənmə mühiti formalaşdırmalıdır ki, şagird səhv etməkdən çəkinməsin, riyaziyyatı yalnız nəticəyə deyil, düşünmə prosesinə əsaslanan bir fəaliyyət kimi qəbul etsin. Hesab edirəm ki, şagird riyaziyyatın məntiqini dərk etdikdə, onun gündəlik həyat və digər elm sahələri ilə əlaqəsini gördükdə bu fənn çətin deyil, maraqlı və yaradıcı düşünmə vasitəsi kimi qəbul olunur.

-Müasir kurikulum və tədris proqramlarının riyaziyyat təhsilinin keyfiyyətinə təsirini necə qiymətləndirirsiniz? Hansı istiqamətlərdə təkmilləşdirməyə ehtiyac görürsünüz?
-Müasir kurikulum və tədris proqramları riyaziyyat təhsilində məzmunun yenilənməsi, kompetensiyalara əsaslanan təlimin təşkili və şagirdyönümlü yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma şagirdlərin yalnız riyazi biliklərə yiyələnməsini deyil, eyni zamanda analitik təfəkkürünün, problem həll etmə, məntiqi mühakimə və tətbiqetmə bacarıqlarının inkişafını hədəfləyir. Bu baxımdan kurikulum islahatlarını riyaziyyat təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirirəm.
Bununla yanaşı, hesab edirəm ki, kurikulumun uğuru yalnız onun məzmunundan deyil, tətbiq mexanizmlərinin səmərəliliyindən də asılıdır. Bu istiqamətdə müəllimlərin metodik hazırlığının daha da gücləndirilməsi, tədris resurslarının zənginləşdirilməsi, qiymətləndirmə mexanizmlərinin təlim məqsədləri ilə tam uzlaşdırılması və rəqəmsal təhsil resurslarının sistemli inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, kurikulumun müasir elmi nailiyyətlər, beynəlxalq qiymətləndirmə proqramlarının (PISA, TIMSS) nəticələri və əmək bazarının dəyişən tələbləri nəzərə alınmaqla mütəmadi təhlil edilməsi və təkmilləşdirilməsi məqsədəuyğun hesab olunur. Yalnız bu halda riyaziyyat təhsili müasir dövrün çağırışlarına adekvat cavab verə və dayanıqlı inkişafını təmin edə bilər.
-Gələcəyin riyaziyyat müəllimini hazırlayarkən ali təhsil müəssisələri hansı bacarıqların formalaşdırılmasına daha çox diqqət yetirməlidir?
-Məncə, gələcəyin riyaziyyat müəlliminin hazırlanmasında ali təhsil müəssisələrinin əsas məqsədi yalnız yüksək fənn biliyinə malik mütəxəssis yetişdirmək deyil, eyni zamanda müasir təhsil mühitinin tələblərinə uyğun peşəkar kompetensiyalar formalaşdırmaq olmalıdır. Bu baxımdan, müəllim hazırlığında dərin fənn və metodik biliklə yanaşı, analitik və tənqidi təfəkkür, problem həll etmə, elmi-tədqiqat aparma, akademik yazı, effektiv kommunikasiya və əməkdaşlıq bacarıqlarının inkişafına xüsusi diqqət yetirilməlidir.
Gələcəyin müəllimi rəqəmsal texnologiyalardan və süni intellekt əsaslı təhsil alətlərindən səmərəli istifadə etməyi, diferensiallaşdırılmış və inklüziv təlimi təşkil etməyi, müasir qiymətləndirmə strategiyalarını tətbiq etməyi və öyrənənmərkəzli təlim mühiti yaratmağı bacarmalıdır. Hesab edirəm ki, gələcəyin uğurlu riyaziyyat müəllimi yalnız bilik ötürən deyil, öyrənmə prosesini elmi əsaslarla layihələndirən, innovativ pedaqoji yanaşmaları tətbiq edən, şagirdlərin potensialını üzə çıxaran və onları müstəqil düşünməyə istiqamətləndirən peşəkar təhsil mütəxəssisi olmalıdır.

-Elmi fəaliyyətiniz ərzində üzərində çalışdığınız tədqiqatlardan hansı sizin üçün xüsusi əhəmiyyət daşıyır və nə üçün?
-Elmi fəaliyyətim ərzində müxtəlif istiqamətlərdə tədqiqatlar aparsam da, mənim üçün xüsusi əhəmiyyət daşıyan tədqiqat dissertasiya işim – “Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi prosesində şagirdlərdə qrafik bacarıqların formalaşdırılması üzrə işin sistemi (V–IX siniflər)” mövzusudur. Bu tədqiqatın əsas elmi yeniliyi riyaziyyatın tədrisində qrafik bacarıqların formalaşdırılması məqsədilə Graph proqramının metodik imkanlarının sistemli şəkildə əsaslandırılması və təlim prosesinə inteqrasiyası olmuşdur. Apardığımız tədqiqat göstərdi ki, rəqəmsal qrafik mühitdən məqsədyönlü istifadə şagirdlərin funksional asılılıqları daha dərindən dərk etməsinə, riyazi obyektlər arasında əlaqələri vizual şəkildə təhlil etməsinə və analitik təfəkkürünün inkişafına müsbət təsir göstərir.
Bu istiqamət bu gün də mənim üçün aktuallığını qoruyur. Çünki müasir riyaziyyat təhsili artıq yalnız nəzəri biliklərin mənimsədilməsinə deyil, riyazi anlayışların vizuallaşdırılmasına, modelləşdirilməsinə və rəqəmsal mühitdə tətbiqinə əsaslanır. Rəqəmsal texnologiyaların və xüsusilə, süni intellektin təlim prosesinə sürətlə inteqrasiya olunduğu bir dövrdə qrafik bacarıqların formalaşdırılması şagirdlərin riyazi təfəkkürünün, funksional savadlılığının və problem həll etmə bacarıqlarının inkişafında strateji əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu istiqamətdə aparılan tədqiqatlar gələcəkdə də riyaziyyatın tədrisi metodikasının prioritet sahələrindən biri olacaqdır.
Ümumilikdə, elmi fəaliyyətimdə əsas məqsəd riyaziyyatın tədrisi metodikasının müasir elmi yanaşmalar əsasında inkişafına, təlim prosesinin səmərəliliyinin artırılmasına və müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsinə elmi əsaslandırılmış metodik həllər təqdim etmək olmuşdur. İnanıram ki, metodika sahəsində aparılan hər bir tədqiqatın dəyəri yalnız elmi yeniliyində deyil, həm də onun məktəb təcrübəsində tətbiq oluna bilməsində və təhsilin keyfiyyətinə real təsir göstərməsindədir.
-Tələbələrlə işləyərkən onların peşəkar inkişafında daha çox hansı keyfiyyətləri formalaşdırmağa çalışırsınız?
-Mənim üçün müəllim hazırlığında əsas məqsəd yalnız tələbələrə nəzəri biliklər vermək deyil, onlarda müasir müəllim peşəsinin tələb etdiyi peşəkar və şəxsi keyfiyyətləri formalaşdırmaqdır. Bu baxımdan ilk növbədə onların analitik və tənqidi təfəkkürünün, problem həll etmə bacarıqlarının, elmi-pedaqoji düşüncə tərzinin və metodik səriştələrinin inkişafına xüsusi diqqət yetirirəm. Hesab edirəm ki, gələcəyin müəllimi yalnız fənni yaxşı bilməklə kifayətlənməməli, həmin biliyi müxtəlif təlim strategiyalarından istifadə etməklə şagirdlərə səmərəli şəkildə çatdırmağı da bacarmalıdır.
Eyni zamanda, tələbələrdə tədqiqat aparmaq, akademik yazı, rəqəmsal texnologiyalardan və süni intellekt alətlərindən məqsədyönlü istifadə, əməkdaşlıq və effektiv kommunikasiya bacarıqlarının inkişafını vacib hesab edirəm. Onları daim müstəqil düşünməyə, yeniliklərə açıq olmağa, öz peşə fəaliyyətinə tənqidi yanaşmağa və fasiləsiz peşəkar inkişafa sövq etməyə çalışıram.
Fikrimcə, müəllim hazırlığının ən mühüm vəzifəsi yalnız bilikli məzun yetişdirmək deyil, öyrənməyi öyrənən, məsuliyyətli qərarlar qəbul edən, yüksək peşə etikası və pedaqoji mədəniyyətə malik, dəyişən təhsil mühitinə çevik uyğunlaşan müəllim formalaşdırmaqdır. Məhz bu keyfiyyətlər gələcək müəllimin peşə fəaliyyətinin uğurunu müəyyən edən əsas amillərdir.

-Təhsil sistemində nəzəri biliklə praktik tətbiq arasında tarazlığın qorunması barədə fikirləriniz necədir?
-Hesab edirəm ki, təhsil sisteminin keyfiyyəti nəzəri biliklə praktik tətbiq arasında qurulan tarazlıqdan birbaşa asılıdır. Nəzəri bilik elmi təfəkkürün, anlayışların və qanunauyğunluqların mənimsənilməsi üçün fundamental əsas yaradır, praktik fəaliyyət isə həmin biliklərin real təlim situasiyalarında tətbiqini, təhlilini və möhkəmləndirilməsini təmin edir. Bu iki komponent bir-birini tamamlamalı və paralel inkişaf etdirilməlidir.
Xüsusilə, müəllim hazırlığında nəzəri biliklərin praktik fəaliyyətlə inteqrasiyası həlledici əhəmiyyət daşıyır. Gələcəyin müəllimi yalnız pedaqoji və metodik nəzəriyyələri bilməməli, eyni zamanda onları müxtəlif təlim mühitlərində tətbiq etməyi, qarşıya çıxan problemləri elmi əsaslarla təhlil etməyi və çevik qərarlar qəbul etməyi bacarmalıdır. Bu baxımdan pedaqoji təcrübənin, dərs müşahidələrinin, praktik tapşırıqların və reflektiv fəaliyyətin müəllim hazırlığında xüsusi rolu vardır.
Nəzəri biliklə praktik tətbiq arasında tarazlığın təmin olunması müəllim hazırlığının əsas prinsiplərindən biri olmalıdır. Təhsil yalnız bilik qazandırmamalı, həmin bilikləri peşə fəaliyyətində səmərəli tətbiq edə bilən, elmi düşünən və praktik problemlərə əsaslandırılmış həll yolları təqdim edən mütəxəssis yetişdirməlidir.
-Beynəlxalq təcrübədə riyaziyyatın tədrisi metodikası sahəsində diqqətinizi cəlb edən hansı yanaşmaların ölkəmizdə tətbiqini məqsədəuyğun hesab edərdiniz?
-Beynəlxalq təcrübənin təhlili göstərir ki, riyaziyyat təhsilində uğur ilk növbədə təlimin şagirdyönümlü təşkili, riyazi təfəkkürün inkişafına yönəlmiş metodik yanaşmalar və müəllimin peşəkar səriştəsi ilə bağlıdır. Hesab edirəm ki, ölkəmizdə də probleməsaslı təlim (Problem-Based Learning), tədqiqatyönümlü öyrənmə (Inquiry-Based Learning), riyazi modelləşdirmə, diferensiallaşdırılmış təlim və STEAM yanaşmasının daha geniş tətbiqi məqsədəuyğun olardı. Bu yanaşmalar şagirdlərdə yalnız riyazi biliklərin deyil, həm də analitik düşüncə, məntiqi mühakimə, problem həll etmə və əməkdaşlıq bacarıqlarının inkişafına şərait yaradır.
Eyni zamanda, qabaqcıl təhsil sistemlərində geniş istifadə olunan rəqəmsal təhsil resurslarının, dinamik riyaziyyat proqramlarının və süni intellekt əsaslı öyrənmə platformalarının təlim prosesinə məqsədyönlü inteqrasiyası riyaziyyatın öyrədilməsinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər. Bununla yanaşı, hesab edirəm ki, hər hansı beynəlxalq təcrübənin tətbiqi milli təhsil prioritetləri, kurikulumun məqsədləri və şagirdlərin yaş və inkişaf xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Təcrübənin olduğu kimi köçürülməsi deyil, elmi əsaslarla təhlil edilərək yerli təhsil mühitinə uyğunlaşdırılması daha məqsədəuyğun yanaşmadır.

-Müəllim hazırlığında elmi tədqiqatların rolu barədə nə düşünürsünüz? Elmlə pedaqoji təcrübənin vəhdəti nə dərəcədə vacibdir?
-Elmi tədqiqat müəllim hazırlığının ayrılmaz tərkib hissəsidir. Müasir müəllim yalnız mövcud metodikaları tətbiq edən deyil, eyni zamanda pedaqoji problemləri elmi əsaslarla təhlil edən, sübuta əsaslanan qərarlar qəbul edən və öz təcrübəsini davamlı olaraq təkmilləşdirən mütəxəssis olmalıdır. Bu baxımdan ali təhsil müəssisələrində gələcək müəllimlərdə tədqiqatçılıq mədəniyyətinin, elmi düşüncə tərzinin və akademik yazı bacarıqlarının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Elmlə pedaqoji təcrübənin vəhdəti isə müəllim hazırlığının əsas prinsiplərindən biridir. Elmi tədqiqatların nəticələri təlim prosesinin təkmilləşdirilməsinə kömək etməli, pedaqoji təcrübə isə yeni elmi araşdırmalar üçün etibarlı faktlar və aktual problemlər ortaya qoymalıdır. Bu qarşılıqlı əlaqə təmin edilmədikdə nəzəri bilik praktikadan uzaqlaşır, pedaqoji fəaliyyət isə elmi əsaslarını itirir.
Fikrimcə, uğurlu müəllim hazırlığı yalnız nəzəri biliklərin mənimsədilməsinə deyil, onların praktik fəaliyyətlə və elmi tədqiqatlarla inteqrasiyasına əsaslanmalıdır. Məhz bu yanaşma müəllimlərdə reflektiv düşünmə, innovativ fəaliyyət və fasiləsiz peşəkar inkişaf mədəniyyətinin formalaşmasına imkan yaradır.
-Pedaqoq kimi fəaliyyətinizdə yaddaşınızda xüsusi iz qoyan və sizə müəllimlik peşəsinin məsuliyyətini bir daha xatırladan hadisə olubmu?
-Müəllimlik fəaliyyətim ərzində yaddaşımda iz qoyan hadisələr çox olub. Lakin mənə müəllimlik peşəsinin məsuliyyətini dərindən hiss etdirən məqamlar tələbələrimin uğurlarını gördüyüm anlardır.
Yaxşı xatırlayıram ki, bir vaxtlar auditoriyada müəllimlik peşəsinin incəliklərini öyrənən, ilk dərs planını hazırlayarkən tərəddüd edən tələbələrim sonralar məktəblərdə peşəkar müəllim kimi fəaliyyətə başladılar. Onların bir qisminin müxtəlif müsabiqələrdə, sertifikatlaşdırma proseslərində və peşə fəaliyyətində uğur qazandıqlarını, bəzilərinin isə elmi fəaliyyətlə məşğul olduqlarını görmək mənim üçün ən böyük mənəvi məmnunluqdur. Müəllim yalnız bilik ötürmür, o, gələcəyin müəllimini, dolayısı ilə gələcəyin cəmiyyətini formalaşdırır. Bu isə müəllimlik peşəsinin nə qədər böyük məsuliyyət daşıdığını hər gün yenidən dərk etməyə istiqamətləndirir və mənim üçün daim peşəkar inkişafın, öz üzərimdə işləməyin ən güclü motivasiyasına çevrilir.
-Sizcə, uğurlu müəllimi digərlərindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
-Fikrimcə, uğurlu müəllimi digərlərindən fərqləndirən əsas xüsusiyyət ilk növbədə onun peşəsinə olan məsuliyyətli münasibəti və öyrənənə verdiyi dəyərdir. Yüksək fənn biliyi və metodiki hazırlığı müəllim üçün zəruri şərt olsa da, bunlar təkbaşına uğurlu pedaqoji fəaliyyət üçün kifayət etmir. Uğurlu müəllim şagird və ya tələbələrdə öyrənməyə maraq oyatmağı, onları müstəqil düşünməyə, araşdırmağa və öz potensiallarını reallaşdırmağa istiqamətləndirməyi bacarmalıdır.
Eyni zamanda, belə müəllim yeniliklərə açıq olmalı, müasir təhsil texnologiyalarını və elmi yenilikləri öz pedaqoji fəaliyyətinə məqsədyönlü şəkildə inteqrasiya etməli, fasiləsiz peşəkar inkişafı fəaliyyətinin ayrılmaz hissəsi kimi qəbul etməlidir. O, hər bir öyrənənin fərdi xüsusiyyətlərini nəzərə alan, ədalətli, obyektiv və yüksək pedaqoji etikaya malik şəxsiyyət olmalıdır.
Hesab edirəm ki, uğurlu müəllimin ən mühüm göstəricisi onun yetişdirdiyi insanlardır. Müəllimin peşəkarlığı yalnız verdiyi biliklə deyil, öyrənənlərdə formalaşdırdığı düşüncə tərzi, dəyərlər sistemi və öyrənməyə davamlı motivasiya ilə ölçülür. Məhz bu xüsusiyyətlər müəllimi peşəsini icra edən mütəxəssisdən fərqləndirərək əsl müəllimə çevirir.
-Gənc müəllimlərə və riyaziyyat müəllimi olmaq istəyən tələbələrə hansı tövsiyələri vermək istərdiniz?
-Gənc müəllimlərə və riyaziyyat müəllimi olmağa hazırlaşan tələbələrə ilk növbədə peşələrini sevərək və onun yüksək məsuliyyətini dərk edərək fəaliyyət göstərməyi tövsiyə edərdim. Müəllimlik yalnız bilik ötürmək deyil, şəxsiyyət formalaşdırmaq missiyası daşıyan bir peşədir. Buna görə də yüksək fənn biliyi ilə yanaşı, metodik hazırlığın, pedaqoji ustalığın və etik dəyərlərin daim inkişaf etdirilməsi vacibdir.
Eyni zamanda, onlara fasiləsiz peşəkar inkişaf prinsipini fəaliyyətlərinin ayrılmaz hissəsinə çevirməyi tövsiyə edərdim. Müasir təhsil sistemi davamlı yenilənir, buna görə müəllim elmi yenilikləri izləməli, müasir təlim texnologiyalarını, rəqəmsal resursları və süni intellekt əsaslı alətləri pedaqoji məqsədlərə uyğun şəkildə tətbiq etməyi bacarmalıdır.
Ən əsası isə, hər bir şagirdin potensialına inanmaq, onların düşünməsinə, araşdırmasına və özünəinamının formalaşmasına dəstək olmaq lazımdır. Unutmaq olmaz ki, müəllimin söylədiyi bir fikir, göstərdiyi etimad və ya verdiyi düzgün istiqamət bəzən şagirdin bütün gələcək həyat yolunu müəyyənləşdirə bilir. Buna görə də müəllim hər bir sözünün, hər bir qərarının və hər bir davranışının gələcək nəsillərin formalaşmasına təsir göstərdiyini daim nəzərə almalıdır.

-Təhsilin inkişafı naminə riyaziyyatın tədrisi metodikası sahəsində gələcəkdə hansı elmi istiqamətlərin daha aktual olacağını düşünürsünüz?
-Hesab edirəm ki, yaxın illərdə riyaziyyatın tədrisi metodikası sahəsində aparılacaq elmi tədqiqatların əsas istiqaməti texnologiyanın imkanları ilə pedaqoji yanaşmaların elmi əsaslarla inteqrasiyası olacaqdır. Bu gün artıq məsələ yalnız rəqəmsal alətlərdən və ya süni intellektdən istifadə etmək deyil, onların riyazi təfəkkürün, məntiqi mühakimənin və problem həll etmə bacarıqlarının inkişafına necə təsir göstərdiyini elmi baxımdan əsaslandırmaqdır.
Ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən istiqamətlərdən biri süni intellektin riyaziyyatın tədrisinə pedaqoji cəhətdən məqsədyönlü inteqrasiyasıdır. Bu istiqamətdə müəllimlərin süni intellektdən səmərəli istifadə kompetensiyalarının formalaşdırılması, adaptiv öyrənmə mühitlərinin yaradılması, fərdiləşdirilmiş təlimin təşkili və öyrənmə analitikasından istifadə imkanları geniş tədqiqat tələb edir. Lakin bütün bu yeniliklər müəllimin peşəkar rolunu əvəz etməməli, əksinə, onun pedaqoji fəaliyyətini daha səmərəli təşkil etməsinə xidmət etməlidir.
Digər mühüm istiqamət riyazi savadlılığın, riyazi modelləşdirmə bacarıqlarının və real həyatla bağlı problemlərin həllinə yönəlmiş metodik sistemlərin hazırlanmasıdır. Beynəlxalq qiymətləndirmə proqramlarının nəticələri də göstərir ki, müasir riyaziyyat təhsilində prioritet yalnız riyazi biliklərin mənimsədilməsi deyil, həmin biliklərin müxtəlif situasiyalarda tətbiqi, əsaslandırılması və modelləşdirilməsidir. Bu baxımdan tədris metodikası da həmin tələblərə uyğun inkişaf etməlidir.
Eyni zamanda, hesab edirəm ki, gələcək tədqiqatlarda müəllim hazırlığı xüsusi yer tutmalıdır. Müasir riyaziyyat müəllimi yalnız yüksək fənn biliyinə malik deyil, həm də rəqəmsal və süni intellekt texnologiyalarını pedaqoji məqsədlərə uyğun seçə və tətbiq edə bilən, elmi düşünən, reflektiv fəaliyyət göstərən mütəxəssis kimi hazırlanmalıdır. Bu istiqamətdə aparılan elmi araşdırmalar təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır.
-Qarşıdakı dövr üçün elmi və pedaqoji fəaliyyətinizlə bağlı hansı yeni layihələr və hədəflər üzərində çalışmağı planlaşdırırsınız?
-Riyaziyyatın tədrisi texnologiyası sahəsində görüləcək işlər çoxdur. Bu səbəbdən qarşıdakı dövr üçün əsas hədəflərimi məhz bu istiqamətdə elmi araşdırmaların genişləndirilməsi və onların təhsil təcrübəsinə tətbiqi təşkil edir. Xüsusilə, rəqəmsal texnologiyaların və süni intellektin riyaziyyatın tədrisinə elmi-metodik əsaslarla inteqrasiyası, riyazi anlayışların vizuallaşdırılması, qrafik bacarıqların inkişafı və müəllim hazırlığının təkmilləşdirilməsi istiqamətlərində tədqiqatlarımı davam etdirməyi planlaşdırıram.
Bununla yanaşı, ali təhsil müəssisələri və ümumtəhsil məktəbləri üçün müasir təlim yanaşmalarına əsaslanan metodik vəsaitlərin, tədris resurslarının və rəqəmsal tədris materiallarının hazırlanmasını da prioritet hesab edirəm. Hesab edirəm ki, elmi tədqiqatların əsas dəyəri onların praktik tətbiq imkanları ilə müəyyənləşir. Buna görə də gələcək fəaliyyətimdə elmi nəticələrin tədris prosesinə inteqrasiyasına, müəllimlərin peşəkar inkişafını dəstəkləyən metodik vəsaitlərin hazırlanmasına və riyazi təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyi nəzərdə tuturam.
Uzunmüddətli hədəfim isə riyaziyyatın tədrisi metodikası sahəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, innovativ təlim texnologiyalarına dair tədqiqatların aparılması və bu sahədə əldə olunan nəticələrin milli təhsil sisteminin inkişafına xidmət edəcək praktik metodik modellərə çevrilməsidir.
-Sonda, təhsil ictimaiyyətinə, həmkarlarınıza, tələbələrinizə və riyaziyyata maraq göstərən gənclərə hansı mesajı vermək istərdiniz?
-Təhsil ictimaiyyətinə, dəyərli həmkarlarıma, tələbələrimə və riyaziyyata maraq göstərən bütün gənclərə bir fikri çatdırmaq istərdim: təhsilin inkişafı hər birimizin peşəkarlığından, məsuliyyətindən və gələcəyə baxışından asılıdır. Bu gün informasiya cəmiyyətinin formalaşdığı bir dövrdə müəllim yalnız bilik ötürən deyil, düşünən, araşdıran, yenilik yaradan və cəmiyyətin intellektual inkişafına istiqamət verən şəxsiyyətdir. Buna görə də müəllim peşəsi daim öyrənməyi, yenilənməyi və öz üzərində fasiləsiz işləməyi tələb edir. Təhsil sahəsində əldə olunan hər bir uğurun əsasında müəllimin peşəkarlığı, elmi düşüncəsi və öz missiyasına sədaqəti dayanır. Gəlin elmi yenilikləri, müasir pedaqoji yanaşmaları və texnologiyanın imkanlarını təhsilin humanist mahiyyətini qorumaq şərti ilə tətbiq edək, çünki heç bir texnologiya müəllimin şəxsiyyətini, onun mənəvi təsirini və yetişdirdiyi insana verdiyi dəyəri əvəz edə bilməz.
İnanıram ki, elmi əsaslara söykənən, milli dəyərlərlə zənginləşən və beynəlxalq təcrübədən bəhrələnən keyfiyyətli təhsil sistemi ölkəmizin dayanıqlı inkişafının ən etibarlı təminatıdır. Bu yolda hər bir müəllimin, tədqiqatçının və gəncin üzərinə böyük məsuliyyət düşür. Gələcəyimizi formalaşdıran ən böyük sərvət insan kapitalıdır və onun inkişafına qoyulan ən dəyərli investisiya isə keyfiyyətli təhsildir.
Dəyərli fikirlərini və zəngin elmi-pedaqoji təcrübəsini oxucularımızla bölüşdüyünə görə dosent, pedaqogika üzrə fəlsəfə doktoru Məlahət Abdullayevaya səmimi təşəkkürümüzü bildiririk. Ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, elmi axtarışlarında yeni uğurlar, pedaqoji fəaliyyətində isə daim ilham, yeni zirvələr və layiqli yetirmələrinin uğurları ilə qürur duyacağı uzun və məhsuldar bir ömür arzulayırıq. İnanırıq ki, müəllimlik peşəsinə olan sevgisi, elmə sədaqəti və gələcək nəsillərin yetişməsinə verdiyi töhfələr Azərbaycan təhsilinin inkişaf salnaməsində öz dəyərli izini bundan sonra da qoyacaq, onun zəhmətinin bəhrəsi isə yetişdirdiyi savadlı, vətənpərvər və peşəkar müəllimlərin timsalında uzun illər yaşayacaq.
Yaqut Ağaşahqızı, “İki sahil”