Böyük Britaniyanın baş nazirinin iqamətgahı olan Dauninq-strit 10-un rəsmi siçan tutanı, məşhur pişik Larri Endi Börnemin ölkənin yeni baş naziri təyin olunmasını özünəməxsus sarkazmla qarşılayıb. Larri sosial şəbəkədəki profilini növbəti dəfə yenilədiyini elan edib.
Bu barədə Larrinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
"Profilimi yenilədim. Yenə", - deyə paylaşımda bildirilib.
Bununla yanaşı, Dauninq-stritin yeni sakininə cənab Larrinin gündəlik rejimi və qida vərdişləri ilə bağlı zarafat xarakterli "təlimatlar" da təqdim olunub.
"Larri səhər yeməyini saat 09:00-da yeməyi, ikinci səhər yeməyini saat 10:30-da qəbul etməyi, günorta nahar etməyi və gün ərzində bol-bol qəlyanaltı etməyi xoşlayır. Qalan işlər isə o qədər də vacib deyil", - deyə vəzifəsini təhvil verən baş nazir Kir Starmerlə onun xələfi Endi Börnemin birgə fotosuna yazılmış şərhdə qeyd olunub.
Son 15 il ərzində bu məşhur siçan tutan artıq altıncı baş nazirlə eyni iqamətgahı bölüşəcək. Maraqlıdır ki, Larri hər hansı baş nazirin "pişiyi" adlandırılmasını heç vaxt xoş qarşılamayıb. O, vaxtilə bu barədə zarafatla belə demişdi:
"Mən Boris Consonun pişiyi deyiləm!"
2011-ci ilin fevralından etibarən Larri Dauninq-stritdə Devid Kameron, Tereza Mey, Boris Conson, Liz Trass, Rişi Sunak və Kir Starmer kimi baş nazirlərlə eyni iqamətgahda "xidmət edib". Endi Börnem isə onun birlikdə çalışacağı növbəti baş nazir olacaq.
Oxu.Az