12 noyabr 2026 13:06
95

İtaliya məktəblərinə Tayvan universitetinin hesabından təhdid məktubları göndərilib

Tayvandakı özəl universitetlərdən biri ehtimal ki, haker hücumuna məruz qalmış məzununun hesabından İtaliya məktəblərinə partlayış təhdidi ilə bağlı məktubların göndərildiyini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Focus Taiwan" informasiya portalı məlumat yayıb.

Portalın məlumatına görə, İtaliya KİV-ləri tərəfindən dərc edilmiş elektron məktubların ekran görüntülərində çərşənbə günü göndərilən mesajların Tayvanın Daye Universitetinin (Dayeh University) domenində qeydiyyatdan keçmiş hesabdan daxil olduğu görünür. Hesabda Lyu Fantszyun adı qeyd olunub.

Çjanxua qəzasında yerləşən özəl universitetdən bildiriblər ki, ilkin məlumatlara əsasən, məzunlardan birinin poçt qutusundan çox sayda məktub göndərilib. Çox güman ki, hesab sındırılıb. Daye Universitetindən bəyan ediblər ki, hesaba giriş dayandırılıb, real göndərənin şəxsiyyəti isə hazırda müəyyənləşdirilir, deyə portal xəbər verir.

Tayvan hakimiyyəti bəyan edib ki, müvafiq Tayvan idarə və təşkilatları insidentin araşdırılmasında texniki yardım göstərməklə İtaliya hakimiyyəti ilə əməkdaşlıq etməyə hazırdır və bu cür istənilən təhdidləri pisləyir.

"Focus Taiwan" vurğulayır ki, İtaliya polisi və kibertəhlükəsizlik üzrə ekspertlər hakerlərin ya Tayvandakı universitetlərin serverlərini sındırdığını, ya da hücumu həyata keçirmək üçün elektron poçt ünvanlarını saxtalaşdırdığını ehtimal edirlər.