İlqar Heybətov: Müasir texnologiyalar bütün hallarda açıq ürək əməliyyatlarını əvəz etmir
Son illər ürək və damar cərrahiyyəsində tətbiq olunan innovativ texnologiyalar müalicənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Bununla belə, mütəxəssislər bildirirlər ki, hər pasiyent üçün eyni müalicə üsulu uyğun hesab edilə bilməz.

"İki sahil"ə özəl müsahibəsində İlqar Heybətov bildirib ki, son otuz ildə ürək və damar cərrahiyyəsi böyük texnoloji inkişaf yolu keçib və əvvəllər yalnız açıq əməliyyatla müalicə olunan bir çox xəstəliklər bu gün minimal invaziv və endovaskulyar üsullarla uğurla müalicə edilir.
O qeyd edib ki, bu texnologiyalar əməliyyat travmasını, qan itkisini və infeksiya riskini azaldır, xəstənin xəstəxanada qalma müddətini qısaldır və gündəlik həyata daha tez qayıtmasına imkan yaradır.
İ.Heybətov əlavə edib ki, cəmiyyətdə yaranan "artıq açıq ürək əməliyyatlarına ehtiyac qalmayıb" fikri doğru deyil. Çoxdamarlı koronar arteriya xəstəliyi, mürəkkəb ürək qapağı patologiyaları, aortanın geniş zədələnmələri və bir sıra anadangəlmə ürək qüsurlarında açıq cərrahi müdaxilə hələ də ən etibarlı müalicə üsulu sayılır.
Onun sözlərinə görə, müasir ürək cərrahiyyəsində əsas məqsəd ən yeni texnologiyanı tətbiq etmək deyil, konkret pasiyent üçün ən düzgün müalicə metodunu seçməkdir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Ürək cərrahiyyəsində uğurun əsası əməliyyatdan əvvəl və sonrakı mərhələdə qoyulur
Müalicə üsulu sosial şəbəkələrdə yayılan fikirlərlə deyil, xəstənin klinik vəziyyətinə əsasən müəyyənləşdirilməlidir - İlqar Heybətov