21 iyul 2026 16:47
136

Bu əlamətlər həyati təhlükənin xəbərçisi ola bilər - OXUYUN XƏBƏRİNİZ OLSUN

Ürək cərrahı sinə ağrısı və qəfil təngnəfəsliyin gecikdirilmədən qiymətləndirilməsinin vacibliyini vurğulayıb

Bir çox insanlar ürək və damar xəstəliklərinin ilk əlamətlərini adi yorğunluq və ya gündəlik narahatlıq kimi qiymətləndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki bəzi simptomlar həyati təhlükənin ilk siqnalları ola bilər.

"İki sahil"ə özəl müsahibəsində İlqar Heybətov bildirib ki, ürək və damar xəstəlikləri bəzən uzun müddət heç bir əlamət vermədən inkişaf edir.
O qeyd edib ki, sinənin arxasında yaranan sıxıcı və ya yandırıcı ağrı, xüsusilə sol qola, çənəyə, boyuna və ya kürəyə yayılırsa, infarkt ehtimalı nəzərə alınmalıdır. Qəfil təngnəfəslik, soyuq tər, huşun itməsi və ürək ritminin kəskin pozulması da təcili tibbi yardım tələb edən hallardır.

İ.Heybətov əlavə edib ki, qəfil başlayan güclü sinə, kürək və ya qarın ağrısı aortanın cırılması kimi son dərəcə təhlükəli vəziyyətin əlaməti ola bilər. Ayaqlarda qəfil ağrı, soyuqluq və rəng dəyişikliyi isə damar tutulmasını göstərə bilər.

Mütəxəssis vurğulayıb ki, ürək və damar xəstəliklərində vaxtında göstərilən tibbi yardım ölüm və ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldır.

Yaqut Ağaşahqızı, “İki sahil”