21 iyul 2026 17:10
126

Süni intellekt ürək cərrahının yerini tutacaq? - ÜRƏK HƏKİMİNDƏN CAVAB

İlqar Heybətov: Rəqəmsal texnologiyalar ürək və damar cərrahiyyəsində yeni mərhələnin əsas hərəkətverici qüvvəsinə çevrilir

Süni intellekt, robotik cərrahiyyə və rəqəmsal texnologiyalar tibb sahəsində yeni inkişaf mərhələsini formalaşdırır. Mütəxəssislər hesab edirlər ki, bu yeniliklər diaqnostika və müalicənin keyfiyyətini artırsa da, həkimin peşəkar qərarvermə bacarığını əvəz edə bilməz.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov "İki sahil"ə özəl müsahibəsində bildirib ki, tibb tarixində yeni bir mərhələ başlayır və bu mərhələnin əsas hərəkətverici qüvvəsi rəqəmsal texnologiyalar olacaq.
İ.Heybətov qeyd edib ki, süni intellekt artıq tibbi görüntülərin analizində, risklərin hesablanmasında və müalicə planının hazırlanmasında həkimlərə kömək edir. Robotik texnologiyalar daha dəqiq əməliyyat aparmağa imkan verir. Gələcəkdə fərdiləşdirilmiş müalicə, uzaqdan monitorinq və rəqəmsal tibbi platformalar daha geniş tətbiq olunacaq.

O əlavə edib ki, heç bir texnologiya həkimin klinik təfəkkürünü, təcrübəsini və qərarvermə qabiliyyətini əvəz edə bilməz. Süni intellekt həkimin yerini tutmayacaq, onun imkanlarını genişləndirəcək.

İ.Heybətov vurğulayıb ki, Azərbaycanın bu texnologiyalara uyğunlaşması üçün müasir avadanlıqla yanaşı, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı mühüm əhəmiyyət daşıyır.

Yaqut Ağaşahqızı, “İki sahil”