Dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün Türkmənistana işgüzar səfəri Azərbaycan-Türkmənistan, həm də digər Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafında mühüm rol oynayacaq
Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Xəzər dənizinin sahilində yerləşən Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bütün bu məqamlara xüsusi diqqət yönəldildi, əlaqələrimizin gələcək inkişafına yönələn prioritetlər müəyyənləşdirildi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır.

Prezident İlham Əliyev Məşvərət görüşündəki çıxışında keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olduğunu xatırladaraq onu da bildirdi ki, bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm: "Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi. Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk."
Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir. Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. Hər iki xalq həm də XX əsrdə eyni taleyi bölüşüblər. Müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci il iyun ayında yaradılıb. Bu gün isə Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır. 2017-ci il avqustun 8-də Bakıda Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu sənəddə iki dövlətin gələcək birgə fəaliyyətinin demək olar ki, bütün istiqamətləri müəyyən edilib. Belə ki, burada siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. O cümlədən Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib. Xüsusən son illər Azərbaycan-Türkmənistan əlaqələrinin daha da inkişafı baxımından mühüm mərhələ hesab oluna bilər. Çünki bu illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və digər yüksəksəviyyəli rəsmilərin səfərləri daha da intensiv xarakter alıb. Bu səfərlər, imzalanan sənədlər əlaqələrə yeni dinamizm gətirib, eyni zamanda regional əməkdaşlığı gücləndirib. Prezident İlham Əliyev ötən ay Bakıda Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşdə deyib: "Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir".

Azərbaycanla Türkmənistan arasında münasibətlər xüsusən enerji və nəqliyyat sahələrində son illərdə daha da inkişaf edib. Hər iki dövlət enerji təhlükəsizliyinin və nəqliyyat dəhlizlərinin regional və qlobal əməkdaşlıqdakı rolunu düzgün qiymətləndirərək, sözügedən sahələrə sərmayələr yatırırlar. Türkmənistan özünün karbohidrogen ehtiyatlarını həm də Azərbaycanın enerji dəhlizləri vasitəsilə ixrac edir. 2021-ci ilin yanvar ayında Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması isə iki dövlət arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirib. Dəniz sərhədində yerləşən bu yataq Azərbaycanı və Türkmənistanı bir-birinə daha da yaxınlaşdırıb, dostlaşdırıb və qardaşlaşdırıb. İlk dəfə olaraq enerji yatağının iki dövlət tərəfindən birlikdə istismarı həm də Xəzər dənizində yeni əməkdaşlıq formatının yaradılması deməkdir.
Nəqliyyat sahəsində əməkdaşlıq isə Orta Dəhlizin də inkişafına təkan verir. Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycandan keçir. Bu, həm də Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrut hesab olunur. Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də hər iki ölkənin yeni logistika infrastrukturları yaratması həm qarşılıqlı ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırıb, həm də yüklərin daşınma müddətini önəmli dərəcədə azaldıb.
Bu ilin iyun ayında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana rəsmi səfəri münasibətlərdə yeni səhifənin başlanğıcı oldu. Belə ki, Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri, imzalanan sənədlər, mətbuata birgə bəyanatları əlaqələrimizin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Səfər zamanı Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı Gəmiqayırma Zavodunda inşa olunub. Səfərin özəlliyi ondan ibarət oldu ki, Türkmənistan Prezidenti azad Füzulidə və Şuşada oldu, burada görülən işlərlə yaxından tanış oldu. Səfər zamanı Prezident İlham Əliyev Şuşada Cıdır düzündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova “Mərd” adlı Qarabağ atını hədiyyə etdi. Hər bir aadım iki ölkənin qardaşlıq, dostluq münasibətlərinin dərin köklərə malik olduğunu, dövlət başçıları arasında dostluq münasibətlərinin ölkələrimizin əlaqələrində əhəmiyyətli rol oynadığını təsdiqləyir.
Dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Prezidentinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü oldu. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulandı. Qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi. Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı. Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Ölkələrimiz arasında əlaqələrin inkişafında energetika sahəsinin də xüsusi yeri var. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq. Prezident İlham Əliyev çıxışında bu məqamı da diqqətə çatdırdı ki, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər nəqliyyat və enerji ilə məhdudlaşmır. Ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi istiqamətlər də əməkdaşlığın gündəliyində mühüm yer tutur. Məşvərət görüşləri çərçivəsində dövlət başçıları arasında keçirilən ikitərəfli görüşlər isə bu istiqamətlər üzrə konkret sazişlərin, memorandumların və birgə layihələrin müzakirəsi üçün əlavə imkan yaradır. Regional əməkdaşlığın digər mühüm istiqamətini ekoloji məsələlər təşkil edir. İqlim dəyişiklikləri, su ehtiyatlarından səmərəli istifadə, Aral dənizinin və Xəzər hövzəsinin ekoloji problemləri ayrı-ayrı ölkələrin sərhədləri ilə məhdudlaşmayan məsələlərdir. Bu problemlərin həlli regional yanaşma və qarşılıqlı fəaliyyət tələb edir.
Azərbaycan və Mərkəzi Asiya xalqları arasında mövcud tarixi və mədəni yaxınlıq humanitar əlaqələrin inkişafı üçün mühüm zəmin yaradır. Təhsil, elm, mədəniyyət, turizm, gənclər və tələbə mübadiləsi sahələrində təmasların genişləndirilməsi qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və dövlətlərarası münasibətlərin sosial əsaslarının daha da güclənməsinə xidmət edir.

Azərbaycanı Məşvərət görüşünə sədrliyi qəbul etməsi münasibətilə təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün açılışında onu da qeyd edib ki, Azərbaycanın sədrliyi altında bizim format çərçivəsində işlər əlavə impuls qazanacaq, qardaşlıq səviyyəsində əməkdaşlığımız birliyin, etibarın və həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək. Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ilə digər regionlar arasında daha etbibarlı, möhkəm iqtisadi və nəqliyyat məkanının yaradılmasında mühüm rol oynadığını da qeyd edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2027-ci ildə “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib. Özbəkistan Prezidenti qeyd edib ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni səviyyəyə qaldırılmalıdır. Tərəflər sadəcə qarşılıqlı ticarətlə kifayətlənməməli, birgə sənaye və texnoloji zəncirlər yaradaraq ortaq məhsullar istehsal etməlidirlər. Şavkat Mirziyoyev bu yanaşmanı “6 iqtisadiyyat – 1 məhsul” formulu ilə ifadə edib. Bildirib ki, bir neçə ölkənin vahid istehsal zəncirində iştirakı onların iqtisadiyyatları arasında adi əmtəə mübadiləsindən daha möhkəm əlaqələr yaradacaq. Şavkat Mirziyoyev, həmçinin Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət görüşlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsini təklif edib. Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında Prezident İlham Əliyevi ölkənin 2027-ci ildə Məşvərət görüşünə sədrliyi qəbul etməsi münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət görüşünə ilk dəfə sədrlik etməsi birgə fəaliyyətimizə yeni təkan verəcək: “Əminəm ki, Azərbaycanın sədrliyi birgə fəaliyyətimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək. Qırğız Respublikası Azərbaycanın sədrliyinin prioritetlərinin uğurla həyata keçirilməsinə lazımi dəstəyi göstərməyə hazırdır."
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu. Qəbul edilən Bəyanatda tərəflər Azərbaycan Respublikasının Məşvərət Görüşündə tamhüquqlu iştirakının əhəmiyyətini vurğulayıblar. Eləcə də, dövlət başçıları 2026-cı il oktyabrın 15-də Bakı şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinin təşkili və keçirilməsi istiqamətində görülən hazırlıq işlərini yüksək qiymətləndiriblər. Sənəddə dövlət başçıları ölkələrinin Birləşmiş Millətlər Təşkilatı, habelə üzv olduqları digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə sadiq olduqlarını təsdiq etdilər və çoxtərəfli qarşılıqlı fəaliyyətin hərtərəfli və ardıcıl şəkildə inkişaf etdirilməsinin, habelə davamlı inkişafa, xalqların rifahına və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın uzunmüddətli sabitliyinin təmin edilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.
Göründüyü kimi, Azərbaycanın Məşvərət görüşü formatında iştirakı uğurla davam edir. Cari ildə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət görüşündə Prezident İlham Əliyevin iştirakı regional dialoqun artıq yalnız illik rəsmi toplantılarla məhdudlaşmadığını göstərdi. Görüşün yekununda dövlət başçıları tərəfindən Çolpon-Ata Bəyannaməsinin imzalanması isə əməkdaşlığın siyasi və institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım oldu.
Dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən sonra bölgədə tamamilə yeni reallıq yaratdı. Bölgədə və dünyada mövqeyini möhkəmləndirən ölkəmizin regionda dayanıqlı sülhün təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində atdığı addımlar təqdir edilir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Türkmənistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. İki ölkənin münasibətləri son illərdə daha da inkişaf edir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı çərçivəsində intensiv şəkildə inkişaf edir. Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır. Dövlətimizin başçısının Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın regional əməkdaşlıq prosesində artan rolunun növbəti göstəricisidir. Bu yeni mərhələnin perspektivləri Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə diqqət mərkəzində oldu. Görüşdə siyasi və diplomatik əməkdaşlığın möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər, sülh, sabitlik və təhlükəsizlik, ticarət-iqtisadi əlaqələrin və enerji əməkdaşlığının genişləndirilməsi, dayanıqlı nəqliyyat dəhlizlərinin inkişafı, ətraf mühitin və su ehtiyatlarının qorunması, eləcə də mədəniyyət, təhsil, elm və gənclər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edildi.
Azərbaycan-Türkmənistan münasibətləri son illərdə, xüsusilə 2026-cı ilin iyun ayında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri fonunda strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. İki ölkə arasındakı siyasi dialoq, iqtisadi və mədəni əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Karbohidrogen ehtiyatları, nəqliyyat-logistika imkanları və Türk dünyasında təhlükəsizlik məsələləri münasibətlərin əsas prioritetlərindəndir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində uğurla inkişaf edir. Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlər artıq ayrı-ayrı ikitərəfli layihələrin çərçivəsindən çıxaraq daha geniş regional əməkdaşlıq modelinə doğru inkişaf edir. Nəqliyyat, enerji, ticarət, ekologiya, rəqəmsal inkişaf və humanitar əlaqələrin eyni platformada birləşməsi bu modelin əsas xüsusiyyətlərindən birinə çevrilir. Bu baxımdan qarşıdakı mərhələdə siyasi dialoqun konkret iqtisadi və infrastruktur layihələri ilə möhkəmləndirilməsi, mövcud nəqliyyat imkanlarından daha səmərəli istifadə və Xəzər hövzəsində uzunmüddətli əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi əsas istiqamətlər sırasında yer ala bilər. Azərbaycanın “C6” formatında tamhüquqlu iştirakı isə Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar açan amillərdən biri kimi qiymətləndirilməlidir.
Yeganə Əliyeva, "İki sahil"
Möhkəmlənən dostluq, genişlənən strateji tərəfdaşlıq - Azərbaycan-Türkmənistan
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək