23 iyul 2026 17:09
95

Norveç Trampdan FIFA-ya şikayət edəcək

Norveç Futbol Assosiasiyası ABŞ Prezidenti Donald Trampın ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun diskvalifikasiya olunması prosesinə müdaxiləsi ilə bağlı FIFA-nın Etika Komitəsinə şikayət etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki,  bu barədə Londonun "The Times" qəzetinə müsahibəsində Norveç assosiasiyasının prezidenti Lize Klaveness məlumat verib.

Onun sözlərinə görə, bu müraciət Trampa "FIFA Sülh Mükafatı"nın verilməsi ilə bağlı daha əvvəl təqdim edilmiş şikayətə əlavə olunacaq.

ABŞ prezidentinin adının hallandığı qalmaqal Dünya Çempionatının 1/16 finalında Bosniya və Herseqovinaya qarşı oyunda Folarin Baloqunun qırmızı vərəqə almasından sonra yaşanıb. Bu kənarlaşdırma hücumçunun növbəti - Belçika ilə matçı buraxmalı olduğu anlamına gəlirdi.

Lakin KİV-lərin yazdığına və Trampın şəxsən iddia etdiyinə görə, o, məsələ ilə bağlı FIFA prezidenti Canni İnfantinoya zəng edib. Bu zəngdən dərhal sonra Baloqunun cəzası müvəqqəti dayandırılıb və o, komandasının məğlub olduğu Belçika ilə oyunda meydana çıxa bilib.

"The Times"a müsahibəsində Klaveness FIFA prezidentini amerikalı futbolçunun Belçika ilə oyuna buraxılması qərarının səhv olduğunu açıq şəkildə etiraf etməyə çağırıb: "Bu baş verməməli idi… Hər birimiz bilirik ki, bu verdikt xarici qüvvələrin təzyiqi altında qəbul edilib. Bizə lazımdır ki, FIFA rəhbərimiz səhvini etiraf etsin. Əgər biz dövlət başçılarına və dövlətlərin siyasətinə bu şəkildə uyğunlaşmağa başlasaq, təşkilatımızın davranışını dəyişmiş olarıq və dövlət rəhbərlərinin keçməməli olduğu 'qırmızı xətti' tapdalamış olarıq. Məhz bu baş verib. Bu hekayəni ört-basdır etmək cəhdləri baş tutmayacaq."