Bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş Media və Analitik Mərkəzlər Forumu keçirilir.
“İki sahil” xəbər verir ki, “Kabar” və Çinin “Sinxua” agentliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 25 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.
Forumda Azərbaycandan AZƏRTAC, Medianın İnkişafı Agentliyi və “Trend” İnformasiya Agentliyinin nümayəndələri təmsil olunurlar.
“Kabar” agentliyinin direktoru Mederbek Şermetaliyev bildirib ki, forumun əsas məqsədi aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və ekspertləri arasında təcrübə mübadiləsinin aparılmasıdır. Onun sözlərinə görə, tədbir çərçivəsində hər hansı rəsmi sənədin imzalanması nəzərdə tutulmur. Əsas məqsəd peşəkar dialoqun qurulması və səmərəli təcrübələrin paylaşılmasıdır.
İclaslarda müasir media mühitinin əsas çağırışları - rəqəmsal texnologiyaların inkişafı, kibertəhlükəsizlik, süni intellektin tətbiqi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, eləcə də ŞƏT çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunur.