27 iyul 2026 20:41
125

Mikayıl Cabbarov: U-17 dünya çempionatı Azərbaycana etimadın göstəricisidir

Azərbaycanın mühüm beynəlxalq idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi artıq uğurlu ənənəyə çevrilib.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bakıda keçirilən U-17 dünya çempionatının açılış mərasimində çıxışı zamanı deyib.

O, yarışda iştirak edən milli komandaların üzvlərini və federasiya nümayəndələrini Bakıda görməkdən məmnunluğunu ifadə edib: "Ölkəmiz son illərdə nüfuzlu beynəlxalq idman tədbirlərinin keçirildiyi etibarlı məkana çevrilib. Azərbaycan Güləş Federasiyası Dünya Güləş Birliyi (UWW) ilə sıx və səmərəli əməkdaşlıq edir və bu tərəfdaşlıq gələcəkdə də davam edəcək. Bizə göstərilən etimada görə UWW-yə və qurumun prezidenti Nenad Laloviçə təşəkkür edirəm. Azərbaycan ildən-ilə beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Bu gün start götürən dünya çempionatı da bunun bariz nümunəsidir”.

Mikayıl Cabbarov yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçinin medallar uğrunda mübarizə apardığını bildirib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.