27 iyul 2026 23:32
103

Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb

Afrikada xroniki aclıq problemi daha da dərinləşərək rekord həddə çatıb. BMT-nin aidiyyəti qurumlarının birgə hazırladığı son hesabata əsasən, qitədə xroniki aclıqdan əziyyət çəkən insanların sayı ilk dəfə Asiyanı geridə qoyaraq 309,2 milyona yüksəlib.

“İki sahil” xəbər verir ki, hesabatda qeyd olunur ki, 2025-ci ildə dünya üzrə xroniki aclıq yaşayan insanların ümumi sayı 644,6 milyona qədər azalsa da, Afrikada əhalinin sürətli artımı səbəbindən bu göstərici 307,3 milyondan 309,2 milyona yüksəlib.

Sənəddə vurğulanır ki, hazırda dünyada xroniki aclıqdan əziyyət çəkən insanların təxminən 48 faizi Afrikanın payına düşür.

Ekspertlərin proqnozuna görə, mövcud vəziyyət dəyişməz qalarsa, 2030-cu ildə dünyada aclıq yaşayan 510–520 milyon insanın təxminən 56 faizi məhz Afrikada olacaq.

Hesabat müəllifləri bu vəziyyətin əsas səbəbləri kimi silahlı münaqişələri, iqlim dəyişikliyinin təsirlərini, iqtisadi çətinlikləri və ərzaq məhsullarının yüksək qiymətlərini göstərirlər.