28 iyul 2026 09:36
97

Bu gün Ümumdünya Hepatitlə Mübarizə Günüdür

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə 2010-cu ildə iyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günü elan edilib.

“İki sahil” xəbər verir ki,  bu günün əsas məqsədi virus hepatitləri haqqında ictimai məlumatlılığı artırmaq, xəstəliyin profilaktikasını, erkən diaqnostikasını və müalicəsinin əhəmiyyətini diqqətə çatdırmaqdır. Bu tarix hepatit B virusunun kəşf edilməsinə görə Nobel mükafatına layiq görülmüş alim Barux Blumberqin doğum gününə təsadüf edir.

Mütəxəssislərin bildirdiklərinə görə, hepatit qaraciyərin iltihabi xəstəliyi olub, ən çox A, B, C, D və E virusları ilə əlaqələndirilir. Xüsusilə hepatit B və C uzun müddət simptomsuz inkişaf edə bilər ki, bu da sirroz və qaraciyər xərçəngi kimi ağır fəsadların yaranmasına səbəb ola bilər. Buna görə də vaxtında müayinə və müalicə həyati əhəmiyyət daşıyır. Səhiyyə mütəxəssisləri əhalini mütəmadi tibbi müayinələrdən keçməyə, risk qrupuna daxil olan şəxsləri hepatit B və C üzrə testlərdən istifadə etməyə, hepatit B-yə qarşı peyvənd olunmağa və gigiyena qaydalarına ciddi əməl etməyə çağırırlar. Xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır.

ÜST Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.

Müasir tibdə hepatit C xəstəliyinin tam sağaldılmasına imkan verən effektiv müalicə üsulları mövcuddur. Hepatit B infeksiyasının qarşısının alınması üçün isə təhlükəsiz və təsirli peyvənd tətbiq edilir. Erkən diaqnostika və vaxtında müalicə xəstəliyin ağırlaşmalarının qarşısını almaqda mühüm rol oynayır. Ümumdünya Hepatitlə Mübarizə Günü çərçivəsində dünyanın bir çox ölkələrində maarifləndirici kampaniyalar, pulsuz müayinə aksiyaları və ictimai tədbirlər keçirilir. Bu təşəbbüslər virus hepatitlərinin aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və cəmiyyətin sağlamlığının qorunmasına töhfə verir.

Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili daxildir. 2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb.