29 sentyabr 2026 10:00
144

Türkiyədə müxtəlif platformalarda Azərbaycana qarşı aparılan sistemli informasiya müharibəsi ciddi suallar doğurur - RƏY

Zaur İbrahimli: Bütün dünya üçün nümunə olan sarsılmaz müttəfiqlik, qardaşlıq ucuz siyasi oyunlara və süni təfriqələrə qurban verilməməlidir. İki qardaş xalqın arasını vurmağa çalışan, heç bir məntiqi əsası olmayan bu düşmənçilik dalğası dərhal dayandırılmalıdır

Son günlər BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətindən bir nəfərin zalda olması ətrafında qardaş Türkiyə Cümhuriyyətində bəzi sosial şəbəkə hesablarında və media orqanlarında manipulyativ şəkildə təqdim edilməsi, Bakıya qarşı məsuliyyətsiz, ədalətsiz və xəyanətkarcasına hücumlar respublikamızın ictimaiyyətinin haqlı narazılığına səbəb olub.

Əvvəla, məlum qrupun nümayəndələri bilməlidirlər ki, İsrailin Baş naziri çıxış edərkən Azərbaycan nümayəndə heyətinin altı üzvündən beşi zalı tərk edib. Yalnız Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov zalda qalıb. Belə olan halda məsələnin “bir millət, iki dövlət” reallığından narahat olan dairələrin əlində alət olan bəlli qruplar tərəfindən qərəzli şəkildə, Bakı ilə Ankara arasındakı münasibətlərə kölgə salmaq məqsədilə təqdim edilməsi siyasi manipulyasiyadan, riyakarlıqdan və fürsətcillikdən və siyasi təxribatdan  başqa bir şey deyil.

Ancaq məlum dairələrin sifarişlərini yerinə yetriən bəlli qruplar unudurlar ki, Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri təkcə iki dövlətin siyasi əlaqələri deyil, eyni zamanda, iki xalqın əsrlər boyu formalaşmış ortaq dəyərlərinin, tarixi yaddaşının və mənəvi bağlılığının ifadəsidir. Belələri bilməlidirlər ki, Azərbaycan suveren və müstəqil dövlətdir. Türkiyə ilə dostluq, qardaşlıq, mütəffiqlik münasibətlərinə daim sadiq qalan Bakı öz xarici siyasətini, digər dövlətlərlə əlaqələrini strateji əməkdaşlıq, hədəflər və milli maraqlar əsasında müəyyən edir.  Hər kəs bilməlidir ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, müttəfiqlik münasibətləri bu cür təxribatçı, qaralayıcı əməllərdən sarsılmayacaq  qədər dərin köklərə malikdir.

Siyasi şərhçi, Azərbaycan Milli QHT Forumu İdarə Heytəinin üzvü Zaur İbrahimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, tarix boyunca Azərbaycan-Türkiyə münasibətləri ən ağır sınaqlardan keçsə də, Bakı hər zaman qardaşlıq bağlarını və strateji maraqları hər şeydən uca tutmağı bacarıb: “2008–2009-cu illərdə “futbol diplomatiyası” adı altında Abdullah Gülün İrəvana səfəri və ardınca Sürix protokollarının imzalanması gündəmə gələndə torpaqlarımızın 20 faizi hələ də işğal altında idi. Rəsmi Ankaranın təcavüzkar Ermənistanla sərhədləri açmaq təşəbbüsü qardaşlıq ruhuna ağır zərbə vursa da, Azərbaycan heç vaxt Türkiyəni “xəyanətkar” elan etmədi, məsələni soyuqqanlılıqla və pərdəarxası diplomatik kanallarla nizama saldı.Tarix və sonradan baş verənlər Azərbaycan diplomatiyası və strategiyasının daha doğru yolda olduğunu göstərdi”.

Siyasi şərhçi qeyd etdi ki, eyni zamanda, 1945-ci ildə baş verən və yaddaşlarda dərin yara buraxan Boraltan körpüsü faciəsi zamanı Sovet zülmündən qaçaraq Ankaraya sığınan 146 azərbaycanlı ziyalı və hərbçi Stalin rejiminə təhvil verilmiş və qarşı sahildə güllələnmişdi: “Bu ağrılı hadisə xalqımızın qəlbində böyük kədər yaratsa da, Azərbaycan hər zaman bunu zamanın şərtləri ilə əlaqələndirib, qardaşlığı uca tutdu. Bu gün də eyni təmkin və strateji yetkin baxış sərgiləyir. Bu gün də Türkiyədəki bəzi dairələrin və media qurumlarının Azərbaycana qarşı apardıqları sistemli informasiya müharibəsi ciddi suallar doğurur. Ən kritik məqamlarda belə arxa çevirməyən, ortaq maraqları qoruyan rəsmi Bakıya qarşı yönəlmiş bu əsassız qarayaxma kampaniyası nə iki ölkənin birliyinə, nə də ortaq türk həmrəyliyinin gələcəyinə xidmət edir”.

Z.İbrahimlinin qənaətinə görə, Şuşa Bəyannaməsi ilə rəsmiləşən və qırx dörd günlük Vətən müharibəsində bütün dünya üçün nümunə olan sarsılmaz müttəfiqlik, qardaşlıq ucuz siyasi oyunlara və süni təfriqələrə qurban verilməməlidir: “İki qardaş xalqın arasını vurmağa çalışan, heç bir məntiqi əsası olmayan bu düşmənçilik dalğası dərhal dayandırılmalıdır”.

Zahid Rza, “İki sahil”