29 iyul 2026 14:16
100

Quterreş yeni sammitin vaxtını açıqlamayıb

BMT-nin Baş katibi Antoniu Quterreş Kipr probleminin tənzimlənməsinə dair yeni sammitin keçirilmə müddətini açıqlamayıb. O, bu kimi forumların yalnız lazımi nəticənin əldə olunacağına zəmanət verildiyi təqdirdə təşkil edilməli olduğunu vurğulayıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

«Dəqiq bir müddət müəyyən edilməyib. Biz mümkün qədər tez və səmərəli şəkildə birgə işləyəcəyik», — deyə Baş katib Kiprin bufer zonasında Kipr yunanlarının lideri, Nikos Xristodulidis və Kipr türklərinin lideri Tufan Erhürman ilə keçirilən birgə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Quterreş vurğulayıb ki, tərəflərin və zəmanətçi ölkələrin «5+1» formatında görüşün keçirilməsinə razılığını alıb, lakin bunun üçün lazımi hazırlıq işləri görülməlidir. BMT rəhbəri öncədən atılacaq addımların «etimadın möhkəmləndirilməsi, metodologiyanın işlənilməsi və məzmun hissəsinin hazırlanmasından» ibarət olmalı olduğunu bildirib, çünki «nəticəsiz görüşlər keçirmək istəmir».

«Mən istərdim ki, "5+1" formatında görüş uğurla keçsin və Kipr probleminin həllinə aparan yol açılsın», — deyə Quterreş əlavə edib.