Narkomaniya insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Dünyada narkotiklərin ticarəti neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab edilir. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. “Ağ ölüm”lə mübarizə təbii ki, birgə işimiz olmalıdır. Hər bir ölkənin gələcək inkişafında aparıcı rola malik olan gənclər və yeniyetmələr bu bəlaya daha çox yoluxan və ondan əziyyət çəkən kateqoriyadır. Belə bir həyacan təbilinin çalınmasını şərtləndirən amillərdən biri məhz hesabatlarda gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçiliyin sürətlə inkişaf etməsi faktının öz əksini tapmasıdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, elecə də rayon icra hakimiyyətlərində fəaliyyət göstərən komisiyyaların cəmiyyətimizin, ayrı-ayrı ictimai birlik və təşkilatların ən müxtəlif dövlət strukturların, xüsusən də hüquq-mühafizə orqanların bu istiqamətdə səylərinin birləşdirilməsi və gücləndirilməsi çox təqdirəlayiqdir.
Narkotiklərlə mübarizə sahəsində qəbul edilmiş qanunları, ölkə Prezidentinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin əmr və kollegiya qərarlarını əldə rəhbər tutaraq, Sabunçu Rayon Polis İdarəsi və ərazi polis şöbələri ilə birlikdə narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə kompleks tədbirlər təşkil olunmuş, bu növ cinayətlərlə məşğul olan şəxslər tutularaq cinayət məsuliyyətinə cəlb edilmiş, çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən ümumiləşdirilmiş təhlildə qeyd olunan tapşırıq və tövsiyələrin icrasının təmin edilməsi məqsədilə Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası hər il üçün yeni iş planı hazırlayır, aidiyyəti idarə və təşkilatlara müvafiq tapşırıqlar verir. Dövlət Proqramına əsasən narkomanlıqla mübarizə sahəsində yerlərdə, xüsusilə də təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılmasına böyük diqqət ayırır, bu istiqamətdə işlərin intensivliyini artırır.
Narkotiklərin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti, rayon Polis idarəsi, təhsil, səhiyyə və digər aidiyyəti orqanlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Komissiyasının iş planına uyğun olaraq keçirilmiş müşavirələrdə, konfranslarda, dövriyyədən çıxarılmış narkotik maddələrin məhvində və digər tədbirlərdə iştirak edirlər. Məktəblərdə, liseylərdə, kolleclərdə dövlət təşkilatları ilə birlikdə narkomanlığın, HİV infeksiyasının və hepotitlərin profilaktikası sahəsində müvafiq tədbirlər, konfranslar təşkil edilir, müxtəlif mövzularda mühazirələr oxunur. Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi stabilliyinə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilməsi barədə ətraflı maarifləndirmə işləri aparılır.
Narkomanlığa qarşı mübarizə tədbirləri çərçivəsində təlim-tərbiyə müəssisələrində müxtəlif mövzularda toplantılar, diskussiyalar, açıq dərslər, inşa yazı müsabiqələri keçirilir, məktəblərdə divar qəzetləri buraxılır, rəsm sərgiləri, anket-sorğular təşkil edilir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və rayon Polis idarəsinin birgə təşkilatçılığı ilə təhsil müəssisələrində keçirilən bütün tədbirlərdə ilk əvvəl narkomaniyaya aid şagirdələrin əl işlərindən ibarət rəsm-sərgisi və mövzuya aid videoçarxlar nümayiş etdirilir və tədbir iştirakçılarına Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış braşuralar və bukletlər paylanılır.
Onu da qeyd edək ki, keçirilən bütün tədbirlərdə şagirdlər, müəllimlər, valideyinlərlə yanaşı, aidiyyəti qurumların, rayon ərazisində fəaliyyət göstərən bəzi QHT-lərin rayon təşkilatların əməkdaşların, dini icma sədrlərin, məscid imamların, din xadimlərin, rayon ictimaiyyəti nümayəndələrin və qəsəbə ziyallıların da iştirakı təmin edilir
Məktəblərdə çətin tərbiyə olunan və dərsdən yayınan uşaqların qeydiyyatı aparılır, Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən uşaq sahə inspektorları cəlb edilməklə bu kateqoriyadan olan uşaqlarla həm fərdi qaydada, həm də valideynlərinin iştirakı ilə profilaktik söhbətlər aparılır, həmin uşaqlara müəllimlər təhkim olunur.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində, qabaqlayıcı kompleks əməliyyat tədbirləri çərçivəsində Sabunçu Rayon Polis İdarəsi tərəfindən bir sıra işlər həyata keçirilir. Belə ki, rayon ərazisində narkotik vasitələrlə bağlı törədilən cinayət hadisələrinin qarşısının alınması, aşkar edilib açılması istiqamətində əməli tədbirlər görülür, əhalinin istirahət etdiyi yerlərdə reydlər və əməliyyat yoxlamaları təşkil edilir. Rayon üzrə dispanser qeydiyyatında olan narkomanların adlı və ünvanlı siyahıları dəqiqləşdirilir, habelə onlar barəsində digər mühüm məlumatlar toplanılır və yaşayış yerləri üzrə sahə inspektorlarının profilaktiki qeydiyyatına götürülür.
2025-ci il ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində Sabunçu rayon ərazisində 245 cinayət faktı aşkar olunmuşdur. Onlardan 152 saxlanma, 91 satış təşkil etmişdir. Cinayətkarlardan müsadirə olunaraq götürülmüş, ümumi çəkisi 127 kq 924 qram olan narkotik vasitələrindən 118 kq 644 qramı marixuana, 7 kq 281 qramı heroin, 107 qramı tiryək, 860 qramı kokain, 1 kq 030 qram həşiş və 5 kq 965 qramı psixotrop maddələr olmuşdur. 2024-cü ilin 12 ayı ərzində aşkar olunmuş cinayət faktlarının 2025-ci ilin müvafiq dövrü ilə müqayisəsi zamanı aşkar olunmuş faktların 42 fakt azalması, dövriyyədən çıxarılmış narkotik vasitələrin və narkotik maddələrin çəkisinin 74 kq 872 qram artması müəyyən edilmişdir.
Rayon ərazisində yaşayan və Narkoloji mərkəzdə narkoman kimi qeydiyyatda olan 1942 nəfər narkomanı rayon polis əməkdaşları daimi nəzarətdə saxlamaqla yanaşı, əməliyyat-profilaktiki tədbirlər də həyata keçirilir. 2025-ci il ərzində 6 qadın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10. 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydasına əsasən 03.12.2025-ci il tarixdə Sabunçu Rayon Prokuroluğunun inzibati binasının arxa hissəsində olan həyətdə “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhvetmə komissiyası”nın sədrinin və üzvlərinin iştirakı ilə 370 fakt üzrə (4 kq. 814,669 qram) müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları (“iPhone 14 Pro” markalı telefonun kamerası ilə fotoşəkil çəkilməklə) yandırma yolu ilə məhv edilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası işini “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın və eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının 2026-cı ilə dair iş planının bəndlərinə uyğun qurmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın qarşısını almaq üçün əlaqədar dövlət qurumları ilə birgə təbliğat və maarifləndirmə işlərini günün tələbləri səviyyəsində qurur.
Ədalət Teymurov,
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İstimai-siyasi və humanitar məsələlər sektorunun müdiri