29 dekabr 2016 22:44
353

“Google”: tətil zamanı ən yaxın dostumuz

Bayram günlərində, xüsusən də Yeni il bayramı ərəfəsində insanların böyük əksəriyyəti bayramı xarici ölkələrdə qeyd etməyə üstünlük verir. Səyahət etmək, Yeni ili dünyanın müxtəlif guşələrində qeyd etmək üçün təyyarə bileti və otel sifariş vermək bu işdə ilkin mərhələ hesab olunur. “Google” şirkətinin araşdırmasına görə, Yeni il ərəfəsində otel bileti sifariş edənlərin 95%-i, təyyarə bileti sifariş edənlərin 96%-i internet üzərindən axtarışlar aparır.

Həmçinin internet üzərindən axtarış aparanların 68%-i təyyarə biletini onlayn  yolla əldə edir. Otel sifariş edənlər isə onlayn sifarişə daha az etibar edir. Belə ki, otel üçün internet üzərindən axtarış aparanların yalnız 45%-i bayram tətilində qalacağı oteli onlayn yolla sifariş etməkdədir. Araşdırmadan o da məlum olub ki, insanların böyük əksəriyyəti təkbaşına tətilə çıxmağı sevmir. Belə ki, Yeni il ərəfəsində otel sifariş edənlərin 88%-i 2 və daha artıq insanın qala biləcəyi yerləri sifariş edirlər.

Heç şübhəsiz ki, insanların tətil macəraları əvvəlcə xəyallar üzərində qurulur. Daha sonra isə xəyalını qurduğumuz tətilin planını cızırıq və öncədən təyyarə bileti və otel sifarişi edirik. Son mərhələ isə tətilin keyfini çıxarmaq olur. Bütün bunların reallaşmasında həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internet və mobil texnologiyaların önəmli rolu vardır. “Google” şirkətinin 2016-cı il üçün onlayn planlama istiqamətində apardığı araşdırma virtual həyatımızın təxminən real həyatımızla üst-üstə düşdüyünü göstərir. Tətil paketi, təyyarə bileti və otel sifarişi kateqoriyaları əsasında hazırlanan araşdırma göstərir ki, Yeni il öncəsi tətilə çıxan insanlar öncə axtarış sistemlərinə müraciət edirlər və “Google” axtarış sistemi bu siyahıda ilk pillədədir.

Son zamanlar onlayn sifarişlərin böyük ölçüdə artmasında ağıllı telefonların istifadəsi də az rol oynamayıb. Google “Yeni nəsil səyahət vərdişləri” araşdırmasına görə, Yeni il ərəfəsində səyahətə çıxan 18 yaş həddini keçmiş insanların 92%-i ağıllı telefonlardan istifadə edir. İnternetə bağlanmaq üçün ən az dizüstü kompyuteri qədər ağıllı telefonlarını da istifadə edənlər 2013-cü ildə 31% olduğu halda, 2016-cı ildə bu rəqəm 82%-ə yüksəlib.

Son nəticədə məlum olur ki, insanlar işlərini daha asanlaşdıracaq vasitələrə üz tuturlar. İstər bayram tətillərində, istərsə də, adi günlərdə internet üzərindən apardığımız əməliyyatlar, onlayn sifarişlər və.s həyatın bütün sahələrinə öz təsirini göstərməkdədir. Heç şübhəsiz ki,Yeni il ərəfəsində onlayn ticarətin bu növündən ən çox qazancı otellər və aviaşirkətlər götürür.

Həmidağa Məcidov, “İki sahil”