03 avqust 2026 11:01
89

Litva DİN qanunsuz miqrantlar tərəfindən qazılan tunellərin sayını açıqlayıb

Litva DİN yanında Dövlət Sərhəd Mühafizəsi Xidmətinin rəisi general Rustamas Lyubayevas bildirib ki, sosial şəbəkə platformalarında fəal təbliğat aparan qanunsuz miqrantlar Belarus tərəfindən Litva sərhədinə doğru 10-a yaxın tunel qazıblar.

“İki sahil” xəbər verir ki,  o, bu barədə "Elta" agentliyinə müsahibəsində deyib.

"Son zamanlar yeni bir meyil müşahidə olunur. Qanunsuz miqrantlar yeraltı tunellər vasitəsilə Litvaya sızmağa çalışırlar. İndiyədək 10-a yaxın belə tunel qazılıb", — deyə agentlik generalın sözlərini sitat gətirir.

Məlumata görə, ən uzun tunelin Litva ərazisindəki hissəsi 25 metrə çatıb. Yalnız keçən həftə Varen rayonunda səthə çıxışı hələ tamamlanmamış iki yeraltı keçid aşkar edilib. Tələb olunan prosedurlar həyata keçirildikdən sonra həmin tunellər torpaqla doldurulub.

Litva-Belarus sərhədində miqrasiya böhranı 2021-ci ildən davam edir.