Parisin İnzibati Məhkəməsi "RT France" telekanalının sabiq rəhbəri Kseniya Fyodorovanın Fransadan deportasiya edilməsi və aktivlərinin dondurulması ilə bağlı qərarın ləğv edilməsi barədə müraciətini rədd edib.
“İki sahil”in Fransa mediasına istinadən verdiyi məlumata görə, məhkəmə qərarında jurnalistin iddiasında qeyd olunan "son dərəcə təcililik" halının sübuta yetirilmədiyi qeyd olunur.
Məhkəmə qeyd edib ki, ötən həftədən etibarən inzibati nəzarət altında olan Fyodorova hakimiyyətin qərarının onun işinə 48 saat ərzində təcili baxılmasını tələb edəcək ciddi nəticələrə səbəb olduğuna dair sübutlar təqdim etməyib. Məhkəmə bildirib ki, o, Paris regionunun hüdudlarını tərk etməyin zəruriliyini əsaslandırmayıb, sadəcə müntəzəm olaraq qeydiyyatdan keçmək öhdəliyinin onun üçün narahatlıq yaratdığını bildirib.
Fyodorovanın vəkili Emmanuel Pivnika AFP-yə bildirib ki, Fransa hakimiyyəti qərar qəbul edərkən onun müvəkkili artıq xaricdə məzuniyyətdə idi. Onun sözlərinə görə, o, Fransadan çıxarılması haqqında qərar dayandırılana və ya ləğv edilənə qədər bu ölkəyə qayıtmaq niyyətində deyil. Fyodorovanın məhkəmənin bu qərarından şikayət vermək hüququ var.
Rusiyalı qadın ötən həftə deportasiya qərarından sonra sosial şəbəkələrdə bütün ittihamları rədd edib və bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun hökuməti ona "siyasi təzyiq" göstərir.