Bu, ölkəmizin dünya bazarlarına qaz ixracını artırmağa və ekoloji tarazlığın bərpasına imkan yaradacaq
Çağdaş dünyanın qarşıya qoyduğu mühüm hədəflərdən biri də bərpaolunan enerji layihələrini daha da genişləndirməkdir. Bunun mühüm üstünlüyü təbii qaz istehlakını azaltmaqla, həm də ekoloji tarazlığı bərpa etməkdir. Eyni zamanda, elektrik enerjisi günəş, külək və hidroenerji hesabına istehsal edildikcə istilik elektrik stansiyalarında yandırılan qazın həcmi də azalır. Buradan qənaət olunan qaz isə daha yüksək gəlirlə xarici bazarlara ixrac edilir. Beləliklə, alternativ enerji layihələri təkcə ekoloji deyil, eyni zamanda, ciddi iqtisadi dividend yaradır.
Məlumdur ki, respublikamızda 2027-ci ilədək ümumi gücü 2 QVt-dan artıq olan yeni “yaşıl enerji” layihələrinin istismara verilməsi nəzərdə tutulub. Bu məqsədlə 2020-ci ildən başlayaraq BƏƏ-nin «Masdar», Səudiyyə Ərəbistanının «ACWA Power», bp, «SOCAR Green», «Nobel Energy» və digər nüfuzlu beynəlxalq şirkətlərlə əməkdaşlıq sənədləri imzalanaraq icrasına başlanılıb.
Həmin layihələrin mühüm xüsusiyyətlərindən biri dövlət büdcəsinə əlavə yük yaratmadan əsasən birbaşa xarici investisiyalar hesabına maliyyələşdirilməsidir. Belə yanaşma həm beynəlxalq investorların Azərbaycan iqtisadiyyatına inamını nümayiş etdirir, həm də ölkəyə müasir texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin və innovativ həllərin gətirilməsinə şərait yaradır.
Son bir neçə ildə Səudiyyə Ərəbistanının «ACWA Power» şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə «Xızı-Abşeron» Külək Elektrik Stansiyası istifadəyə verilib. Bununla yanaşı, həmin şirkətlə «Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi», «Quruda 1 QVt külək elektrik stansiyasının yaradılmasına dair İcra Müqaviləsi», eləcə də enerji saxlanc sistemlərinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Bərpaolunan enerji sektorunda ən mühüm layihələrdən biri də ölkənin ilk sənaye miqyaslı günəş elektrik stansiyası olan 230 MVt gücündə «Qaradağ» Günəş Elektrik Stansiyasıdır. 262 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya hesabına tikilən bu obyekt ildə, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə 110 milyon kubmetrə yaxın təbii qaza qənaət edilməsinə imkan verir. Bu isə həm karbon emissiyalarının azalmasına, həm də ixrac üçün əlavə qaz resurslarının formalaşmasına əlverişli şərait yaradır.
Bundan başqa, Pezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının “Yaşıl enerji zonası” elan edildiyi vaxtdan bu ərazilərdə “yaşıl texnologiya”ların tətbiqinə, eləcə də enerji səmərəliliyi ilə bağlı layihələrinin icrasına xüsusi önəm verilir.
Qeyd edək ki, bərpaolunan enerji mənbələrinin texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt səviyyəsində qiymətləndirilir. Həmin ərazilərdə elektrik enerjisinə olan tələbat bu gün nəinki tamamilə «yaşıl enerji» hesabına ödənilir, hətta yaranan əlavə güclər ölkənin ümumi enerji şəbəkəsinə də ötürülür.
«Yaşıl enerji» texnologiyalarının tətbiqi çərçivəsində hazırda Cəbrayıl rayonunda bp şirkətinin tərəfdaşlığı ilə gücü 240 meqavat olan «Şəfəq» Günəş Elektrik Stansiyası (GES), eləcə də hər biri 50 meqavat gücündə «Üfüq» və «Şəms» GES layihələri gerçəkləşdirilir. Ümumi investisiya dəyəri 200 milyon dollar təşkil edən bu layihələrin 2027-ci ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Azad edilmiş ərazilərdə salınan yaşayış məntəqələrində də «yaşıl enerji» texnologiyalarının tətbiqi diqqətdə saxlanılıb. Bu coğrafiyada indiyədək 2500-dən çox fərdi evdə, ictimai və sosial binalarda ümumi gücü 8000 kVt-dan çox olan günəş paneli və 8 mindən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bu qurğuların 43 faizi, təqribən, 3 min 500 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdən ibarət olub. Bu göstəricilərə əsaslanaraq demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun «yaşıl texnologiyalar» və enerji səmərəliliyi prinsipləri əsasında inkişafı artıq nümunəvi modelə çevrilib.
Qarşıya qoyulan məqsədə uyğun olaraq, ölkəmizdə 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Eyni zamanda, 2027-ci ildə elektrik enerjisi istehsalında bərpaolunan enerji payının 25 faizə, 2030-cu ildə isə 30 faizə yüksələcəyi proqnozlaşdırılıb. Bu isə enerji balansının şaxələndirilməsi ilə bərabər, həm də qaz ehtiyatlarının daha səmərəli istifadəsi və ixrac potensialının artması kimi dəyərləndirilib.
Elçin Zaman, «İki sahil»