04 avqust 2026 21:35
124

Senat komitəsi onun ədliyyə naziri vəzifəsinə təsdiqlənməsini tövsiyə edib

ABŞ Konqresinin Senatının Hüquq Komitəsi hazırda Ədliyyə naziri vəzifəsini icra edən Todd Blanşın ABŞ-nin Ədliyyə naziri – Baş prokuroru kimi təsdiqlənməsi namizədliyini dəstəkləyib və tövsiyə edib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səsvermə zamanı komitə üzvləri partiya mənsubiyyətinə görə iki yerə bölünüblər: Senatda çoхluğa sahib olan hakim Respublikaçılar Partiyasının qanunvericiləri Blanşın namizədliyini dəstəklədiyi halda, Demokratlar bunun aleyhinə çıxıblar. İndi sənəd yekun baxılması üçün hazırda respublikaçıların nəzarətində olan Senatın tam tərkibinin müzakirəsinə verilir.

ABŞ Prezidenti Donald Tramp aprel ayında Blanşı Ədliyyə naziri əvəzi təyin etmişdi. İyun ayında isə onun namizədliyini daimi əsaslarla nazir – baş prokuror postuna irəli sürdü.

Əvvəlcə komitədəki bir sıra respublikaçı senatolar da Blanşın təsdiqlənməsinə qarşı çıxırdılar. Onlar administrasiyadan rəsmi yazılı zəmanət tələb edirdilər ki, 46-cı prezident Co Baydenin dövründə ABŞ hakimiyyətinin özbaşınalıqlarından zərər çəkmiş şəxslərə ödənişlər etmək üçün təxminən 1,8 milyard dollar həcmində xüsusi fond yaradılmayacaq. Qanunvericilər vergi ödəyicilərinin vəsaitinin bu şəkildə xərclənməsini yolverilməz hesab edirdilər.

Blanş bu həftə həmin fondun yaradılmayacağına dair zəmanət verməyə razılaşdıqdan sonra komitədə razılıq əldə olunub.