05 avqust 2026 10:16
102

Yaponiyada atom bombardmanı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib

Yaponiyanın Xirosima şəhərindəki Sülh Parkında ABŞ-nin atom bombardmanı qurbanı olmuş koreyalıların xatirəsinə həsr olunmuş anım mərasimi təşkil edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə «Kyodo» agentliyi məlumat yayıb.

Məlumata görə, tədbirdə Koreya Respublikasından gəlmiş zərərçəkənlər və onların doğmaları iştirak ediblər. Mərasim iştirakçılarından biri — Tequ şəhərinin 80 yaşlı sakini hələ doğulmazdan əvvəl həmlə zamanı hamilə anası ilə birgə şüalanmaya məruz qalıb.

İkinci Dünya müharibəsində Tokionun təslim olmasına qədər Koreya yarımadası Yaponiyanın kolonial asılılığında olub. Xirosima və Naqasaki prefekturalarında ABŞ bombardmanı nəticəsində işləməyə gəlmiş və ya məcburi qaydada ağır işlərə gətirilmiş təxminən 70 min koreyalı şüalanmaya məruz qalıb. Dəqiq məlumatlar olmasa da, onlardan 40 minə yaxınının nüvə zərbələrindən dərhal sonra öldüyü ehtimal edilir.

ABŞ 1945-ci ilin avqustunda İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasını sürətləndirmək bəhanəsi ilə Xirosima və Naqasakiyə atom bombası atıb. Bu, bəşəriyyət tarixində nüvə silahının döyüş şəraitində tətbiq edildiyi yeganə haldır.

Xirosimaya atılan bomba nəticəsində bir gün ərzində müxtəlif qiymətləndirmələrə görə 70 mindən 100 minədək insan həlak olub. 1945-ci ilin sonunadək yaralanma və şüalanmadan xəstəxanalarda ölənlərlə birgə qurbanların sayı 140 minə çatıb. Ümumilikdə, bombardman qurbanlarının sayı günümüzədək 350 min nəfəri ötüb.