05 avqust 2026 13:02
103

Səfərə yaxşı nəticə üçün gedirik - Qurban Qurbanov

Vacib səfərə yollanırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Dinamo" Azərbaycana yaxşı tanış olan komandadır. Nəticəsindən asılı olmayaraq, azarkeşləri maraqlı oyun gözləyir.

“İki sahil” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada Ukraynanın “Dinamo” (Kiyev) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis matça yaxşı hazırlaşdıqlarını bildirib: “Səfərə yaxşı nəticə üçün gedirik. Bilirik ki, rəqib də bizə qarşı çox ciddi hazırlaşır. Hətta çempionat oyunlarını da təxirə salıblar. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Zakaria Savo zədə səbəbindən oynamayacaq. Buna görə də heyətdə müəyyən dəyişikliklər olacaq. Lakin hələlik qərar verməmişik".

Avropa Liqasında Bolqarıstan təmsilçisi ÇSKA-ya qarşı cavab matçında 120 dəqiqə oynadıqlarını xatırladan mütəxəssis bunun asan olmadığını bildirib: "Nə rəqib, nə də biz 120 dəqiqə oynamağa tam olaraq hazır deyildik. Amma komandanın performansından razı qaldım. İki matçda da rəqibə məğlub olmadıq. Ümumiyyətlə, ötən mövsüm Çempionlar Liqasında çox güc sərf etdik. Baxa bilərsiniz, bizimlə ötən il bu turnirdə oynayan komandalarda da müəyyən eniş oldu. Hər il çempion ola bilmərik. Bu, futboldur, istənilən nəticə ilə qarşılaşmaq olar. Yenə deyirəm, böyük komandalara qarşı oynamaq bizim inkişafımıza təsir edəcək".