05 avqust 2026 20:48
116

Gürcüstanın əsas müxalifət partiyasında sədr postu ləğv edilib, yeni idarəetmə modeli yaradılıb

Gürcüstanın müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) rəhbər strukturlarında dəyişiklik edilib.

“İki sahil” xəbər verir ki, partiyanın avqustun 5-də keçirilən 13-cü qurultayında qəbul edilən qərara əsasən, İrakli Pavlenişvili partiyanın Müvəqqəti İdarəetmə Şurasının sədri, sabiq prezident Mixeil Saakaşvili isə İslahat Şurasının sədri seçilib. Nanuka Jorjoliani isə partiyanın icraçı katibi olacaq.

Qurultaydan sonra jurnalistlərə açıqlama verən partiya üzvü Levan Bejaşvili bildirib ki, yeni nizamnaməyə əsasən partiya sədri və baş katib vəzifələri ləğv olunub, onların səlahiyyətləri kollegial qaydada fəaliyyət göstərəcək İdarəetmə Şurasına verilib. Onun sözlərinə görə, İdarəetmə Şurası maksimum 9 üzvdən ibarət olacaq.

Levan Bejaşvili qeyd edib ki, əvvəlki nizamnamə ilə partiya sədrinə və baş katibə məxsus bütün səlahiyyətlər bundan sonra Müvəqqəti İdarəetmə Şurası tərəfindən kollegial şəkildə həyata keçiriləcək.