Son vaxtlar “Tramp marşrutu” ilə bağlı bəzi fikirlər irəli sürülür, onun açılmasını əngəlləməyə çalışanlar tapılır. Ancaq ABŞ-ın konkret addımları belə ifadələrin təsirini heçə endirir. Təbii ki, dünyanın supergücü olan dövlətin başçısı ölkəsinin əksinə mövqe tutan kimlərinsə fikir və iddiaları ilə hesablaşmaz. Bu, yalnız Ermənistanı Qərb və Avropaya inteqrasiya yolundan döndərmək məqsədi güdür. Faktlara müraciət etsək görərik ki, Prezident Donald Tramp müəllifi olduğu layihənin həyata keçirilməsini nəzarətdə saxlayır və kimsənin müəllifi olduğu layihəni dayandırmasına qətiyyən yol verməz. Bu səbəbdən yolun açılmasına lazım olan nə varsa, onu əsirgəməyəcək. Çünki artıq ortada prinsip məsələsi qoyulub. Dünyada birinci söz sahibi olan ABŞ-ın sözünü kim çevirməyə cəsarət edər? Əlbəttə, heç kim.
ABŞ TRIPP+ Sahibkarlığa Dəstək Fondunun maliyyələşdirilməsinin həcmini iki dəfə - 201 milyon dollardan 402 milyon dollara qədər artırıb.
Xəbər verilir ki, bunu ABŞ-nin dövlət xərclərinin rəsmi bazasının məlumatları da təsdiqləyir.
Dərc edilmiş məlumata görə, 2026-cı il yanvarın 30-da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu "TRIPP+ Enterprise" Fonduna 201 milyon dollar məbləğində qrant ayırıb. Proqramın icra müddəti 2036-cı il dekabrın 31-nə qədər müəyyən edilib.
Xatırladaq ki, TRIPP+ Sahibkarlığa Dəstək Fondu 26 yanvar 2026-cı ildə - Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubionun Vaşinqtondakı görüşündən iki həftə sonra yaradılıb. Bu, o deməkdir ki, ABŞ rəhbərliyi vaxtaşırı “Tramp marşrutunun” reallaşması üçün lazımi məqamda zəruri işlərin görülməsini planlaşdırır.
Qeyd edək ki, "TRIPP+ Enterprise Fund" və "TRIPP Development Company"-fərqli strukturlardır. Sonuncusu Ermənistanın cənubundan keçən infrastruktur layihəsinin hazırlanması və həyata keçirilməsi üçün yaradılıb.
ABŞ hökuməti Zəngəzurda dəmiryol tikintisini aparmaq və lazımi infrastruktur yaratmaqla bərabər, həm də nəqliyyat qovşağının təhlükəsizliyi barədə tədbirlər müəyyənləşdirir. Məsələn, bu yaxınlarda mətbuat xəbər verirdi ki, ABŞ Zəngəzur bölgəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə oraya hərbi hissələr gətirib və yerləşdirib. Görünür, Vaşinqtonda hesab edirlər ki, layihəni başa çatdırmaqla iş bitmir. Əsas məsələ onu işə salmaq və kənar təsirlərdən qorumaqdır. Bir vaxtlar bəziləri “Zəngəzur dəhlizi” ifadəsindən belə xoflanır, “daş atıb başlarını tuturdular.” Baş nazir Nikol Paşinyana barmaq silkələyərək başqalarına göstərmək istəyirdilər burada “ağa” onlardır. Ancaq ABŞ bölgəyə gələndən sonra onların cınqırı çıxmır, qırmızı və göy xətlər yaddaşlarından silinib. Ona görə də indi bu mövzuda hay-küy salmağa cəhd edənlərin mövqeyi kəskin deyil, tamaşa xarakteri daşıyır. Məqsəd kiminsə əsəblərini yoxlamaqdır. Belə “test yoxlaması” isə onu aparanlara qətiyyən sərf etməz.
Təzəcə formalaşmış Ermənistan hökumətinin kimsədən qorxacaq yeri yoxdur, çünki “pərdənin arxasında pələng” var...
Vəli İlyasov, “İki sahil”
Avropadan Mərkəzi Asiyaya: Azərbaycan qlobal nəqliyyat xəritəsini yenidən yazır
Mətbuat dövrün çağırışlarına uyğun olaraq təkmilləşir, yeniləşir, təməl prinsipləri dəyişməz qalır - TƏHLİL