06 avqust 2026 14:27
122

Tramp Vensi dəstəkləyəcək?

ABŞ lideri Donald Tramp Respublikaçılar Partiyasının sponsorları ilə özəl görüşündə 2028-ci il seçkilərində vitse-prezident Cey Di Vensin qələbəsini görmək istədiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadla xəbər yayıb.

"Sonda biz Cey Di-ni seçməliyik", - deyə Tramp təxminən iki həftə əvvəl Oval kabinetdə sponsorlarla görüş zamanı bildirib.

Nəşrin qiymətləndirməsinə görə, bu açıqlama Trampın Vensi açıq şəkildə dəstəkləmək ehtimalını istisna etmədiyini göstərir. Lakin bəzi müşavirlər prezidentin xələfi ilə bağlı hələ tam və yekun qərar vermədiyini düşünürlər.

"The Washington Post" qeyd edir ki, Cey Di Vens özü hələlik 2028-ci il seçkilərində namizədliyini irəli sürmək planlarını rəsmən təsdiqləməyib.

Mənbələrin fikirləri haçalanır: bəziləri Trampın artıq öz xələfini müəyyənləşdirdiyini iddia edir, digərləri isə onun mövqeyinin hələ dəyişə biləcəyini vurğulayırlar.