07 avqust 2026 11:28
95

Meksikada kartel təhlükəsi ABŞ-də avokado qıtlığı yarada bilər

Miçoakan ştatında zəruri federal yoxlamaların ləğvi ABŞ-nin ciddi şəkildə asılı olduğu təchizat zəncirinin tamamilə pozulmasına səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkə Meksikadan 1,1 milyon tondan çox avokado idxal edib ki, bu da ümumi idxal həcminin 80%-dən çoxunu təşkil edir, tədarükün dəyəri isə 3,2 milyard dolları ötüb. Miçoakan ştatından idxal Meksikadan ABŞ-yə edilən bütün avokado tədarükünün təxminən 75-80%-ni təşkil edir.

"The New York Post" qəzeti qeyd edir ki, ABŞ administrasiyasının terror təşkilatı kimi tanıdığı azı dörd narkotik karteli avokado sənayesi ilə bağlı dələduzluq sxemlərindən də gəlir əldə edir. Buna görə də ABŞ-nin Meksikadakı səfirliyi təhlükəsizlik təhdidləri fonunda Miçoakanda fəaliyyətini, o cümlədən avokado yoxlamalarını dayandırıb.

Buna cavab olaraq Meksika hakimiyyəti bölgədə təhlükəsizlik tədbirlərini gücləndirəcəyinə söz verib, ölkənin Müdafiə Nazirliyi ştata 1,5 mindən çox hərbçi və Milli Qvardiya əməkdaşı göndərib. Xatırladaq ki, Miçoakandan ABŞ-yə avokado tədarükü təhlükəsizlik təhdidləri səbəbindən daha əvvəl də — 2022 və 2024-cü illərdə dayandırılmışdı.