Avstraliya Hərbi Hava Qüvvələri üçün ABŞ-dan "AIM-260A JATM" tipli ən yeni "hava-hava" taktiki raketlərini əldə etmək məqsədilə 492,5 milyon dollar vəsait ayırıb.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə müdafiə naziri Riçard Marlts "X" sosial şəbəkəsində məlumat verib.
"Avstraliya bu qabaqcıl uzaqmənzilli "hava-hava" raketlərindən istifadə edən ABŞ xaricində ilk ölkə olacaq", – deyə Marlts qeyd edib.
Təqribən 450 ədəd belə raketi tədarükünün müddəti hələ ki açıqlanmır.
İlkin olaraq "Lockheed Martin" korporasiyası tərəfindən hazırlanan "AIM-260A JATM" raketinin 2022-ci ildə silahlanmaya qəbul edilməsi planlaşdırılırdı. Lakin proqramın həyata keçirilməsi çətinliklərlə qarşılaşıb. Son məlumatlara görə, yeni raketlər qoşunlara 2026–2027-ci illərdə daxil olmağa başlayacaq.
Avstraliya Hərbi Hava Qüvvələrinin üç eskadron və bir təlim bölməsi arasında bölüşdürülmüş 72 ədəd "F-35A" qırıcısı mövcuddur.