08 avqust 2026 00:15
92

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Almaniya Silahlı Qüvvələrinin (Bundesver) Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Mexernix şəhərindəki hərbi obyektinin üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) qeydə alınıb.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, obyektin üzərində ümumilikdə altı PUA uçuşu müşahidə edilib. Hadisə yerinə cəlb olunan polis əməkdaşları da pilotsuz uçuş aparatlarını görüblər. Bundesverin Operativ Komandanlığı isə ərazi üzərində iki uçan obyektin qeydə alındığını təsdiqləyib.

Hazırda insidentlə bağlı araşdırma aparır. Mexernixdə Almaniya Silahlı Qüvvələrinin “Patriot” hava hücumundan müdafiə sistemlərinə texniki xidmət göstərən hərbi mütəxəssislər fəaliyyət göstərirlər.

Bu hadisə Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz olunmuş PUA-nın aşkarlanmasından qısa müddət sonra baş verib. Həmin insidentdən sonra Almaniyada pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərə qarşı müdafiə mexanizmlərinin gücləndirilməsi və hüquqi tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müzakirələr intensivləşib. Hadisə ilə əlaqədar bu gün Almaniya Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.