09 avqust 2026 15:30
96

Peruda yol qəzasında azı 13 nəfər ölüb

Qəzada uşaqlar da daxil olmaqla sərnişinlər həlak olub. Hadisə ictimai nəqliyyat mikroavtobusu ilə yol kənarında dayanmış yarımqoşqulu yük maşınının toqquşması nəticəsində baş verib.

“İki sahil” xəbər verir ki, Perunun cənub-şərqindəki Kusko regionunda yolda mikroavtobusla yarımqoşqulu yük maşınının toqquşması nəticəsində azı 13 nəfər ölüb, dörd nəfər yaralanıb. Bu barədə şənbə günü polis rəsmisi məlumat verib.

Kusko polisinin rəisi, polkovnik Karlos Gisadonun sözlərinə görə, qəza şənbə günü səhər saatlarında Apurimak departamentində yerləşən Çalhuahuacho yaşayış məntəqəsi ilə eyniadlı regionun inzibati mərkəzi olan Arekipa şəhəri arasındakı yolda baş verib. Qəzaya ictimai nəqliyyat mikroavtobusu və yolun hərəkət hissəsində dayanmış yarımqoşqulu yük maşını cəlb olunub.

“Təəssüf ki, uşaqlar və böyüklər də daxil olmaqla 13 nəfərin öldüyü barədə məlumat almışıq. Dörd yaralı təcili olaraq Arekipa xəstəxanasına çatdırılıb”, – Gisado bildirib.

Polis rəisinin sözlərinə görə, qəzanın səbəbləri hazırda araşdırılır. İlkin araşdırmalara əsasən, mikroavtobusun sürücüsü, görünür, texniki nasazlıq səbəbindən yolda dayanmış yarımqoşqulu yük maşınını görməyib və nəticədə mikroavtobus yük maşınının arxa hissəsinə çırpılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə toqquşma nəticəsində mikroavtobusun ön hissəsinin tamamilə dağıldığı görünür.