09 avqust 2026 18:49
112

"Apple" Çinin CXMT şirkətinin yaddaş çiplərini sınaqdan keçirir

Amerikanın "Apple" korporasiyası "iPhone" və "MacBook" da daxil olmaqla, bir neçə məhsul xəttində istifadə etmək üçün Çinin CXMT ("ChangXin Memory Technologies") şirkətinin istehsalı olan yaddaş çiplərini sınaqdan keçirir.

“İki sahil” "The Wall Street Journal"a istinadən xəbər verir ki, şirkət süni intellekt bumunun yaratdığı qlobal qıtlığın öhdəsindən gəlmək yollarını axtarır.

Nəşrin məlumatına görə, "Apple" Çin bazarında satılan cihazlar üçün çiplərin tədarükü imkanı barədə CXMT ilə ilkin danışıqlar aparıb və şirkət ilə hər hansı bir müqavilə bağlamazdan əvvəl Ağ Evin təsdiqini almaq niyyətindədir.

Bu addım "Apple"ın bütün dünyada məhsullarının qiymətlərini artırması fonunda atılır. Şirkət bunu süni intellekt şirkətlərinin yüksək tələbatı səbəbindən yaddaş çiplərinin qiymətinin kəskin artımı ilə izah edir. Çin istehsalçısından tədarüklərin mövcudluğu "Apple"a bu xərcləri kompensasiya etmək üçün əlavə vasitə verə bilərdi.

ABŞ-nin federal qaydaları Amerika şirkətlərinə "Apple"ın istifadə etdiyi ixtisaslaşdırılmış çiplərin istehsalı üçün lazım olan texniki spesifikasiyalar da daxil olmaqla, texnologiyaları CXMT ilə paylaşmağı qadağan edir. Lakin qaydalar CXMT-nin hazır komponentlərinin satın alınmasına və qiymət danışıqlarına icazə verir.

Bununla belə, CXMT artıq 2026-cı il üçün istehsal güclərini tamamilə yükləyib, buna görə də yeni sifarişçilər üçün imkanlar məhduddur.