09 avqust 2026 23:32
80

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Kanadada qeydə alınan kütləvi meşə yanğınları səbəbindən 22 minə yaxın sakin təhlükəli ərazilərdən təxliyə edilib.

“İki sahil” xəbər verir ki, Kanada mediasının yaydığı məlumata görə, ölkənin qərb bölgəsini bürüyən təbii fəlakət ciddi fəsadlar törədir. Xüsusilə Britaniya Kolumbiyası əyalətində 10 min hektardan çox ərazini əhatə edən yanğınlar səbəbindən fövqəladə vəziyyət elan olunub.

Hazırda əyalət ərazisində 105 aktiv yanğın ocağı qeydə alınıb. Təhlükəli zonalarda qalan sakinlərin təxliyəsi işlərinə helikopterlər də cəlb olunub. Fövqəladə xidmət qurumları yanğınların söndürülməsi və əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirirlər.