10 avqust 2026 10:31
103

"Reuters": ABŞ İran limanlarının blokadasını hansı şərtlə qaldıracağını açıqlayıb

ABŞ Hörmüz boğazında maneəsiz gəmiçiliyin bərpası barədə tərəflər arasında razılıq əldə olunan kimi İran limanlarına qoyulan blokadanı ləğv etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Reuters" agentliyi Ağ Evdəki mənbələrinə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətlərindən biri bildirib ki, Hörmüz boğazında maneəsiz kommersiya gəmiçiliyini bərpa edəcək razılaşma elan olunan kimi Birləşmiş Ştatlar İran limanlarından blokadanı götürəcək.

Bununla yanaşı, mənbələr vurğulayıblar ki, ABŞ-nin növbəti addımları İranın boğazda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə götürəcəyi öhdəlikləri yerinə yetirməsindən asılı olacaq.

Buna qədər "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadla ABŞ-nin İslam Respublikasının nüvə proqramı üzrə razılaşma əldə olunmadan da İranla münaqişəni bitirməyə hazır olduğunu xəbər vermişdi.