12 avqust 2026 01:34
92

Qısa videolar zehni fəaliyyətlərə necə təsir edir?

Sosial media platformalarında yayımlanan “TikTok” videoları, “Instagram Reels” və “YouTube Shorts” kimi qısa videolara uzun müddət baxmaq diqqətin cəmlənməsi və psixi rifahla bağlı problemlərlə əlaqələndirilir. Avstraliyanın Qriffit Universitetinin alimlərinin apardığı sistemli icmal və meta-analizdə 98 299 iştirakçının məlumatları araşdırılıb. “Amerika Psixoloji Assosiasiyası (APA)”nın bülletenində yayımlanan araşdırmada qısa videolardan intensiv istifadənin xüsusilə diqqətin davamlılığı və impulsları idarə etmək qabiliyyətinə mənfi təsiri olduğu müəyyənləşdirilib.

Tədqiqatçılar bildirirlər ki, qısa videoların ardıcıl və sürətli dəyişməsi istifadəçini daim yeni stimullara uyğunlaşmağa sövq edir. Nəticədə uzun müddət diqqət tələb edən oxu, mürəkkəb məsələ həlli və öyrənmə kimi zehni fəaliyyətlərə diqqəti yönəltmək çətinləşə bilər. Araşdırmada bu əlaqənin iki mexanizmlə izah oluna biləcəyi qeyd edilir. Bir tərəfdən, sürətli məzmuna davamlı məruz qalmaq insanın daha yavaş və çox səy tələb edən fəaliyyətlərə marağını azalda bilər. Digər tərəfdən isə alqoritmlərin istifadəçiyə fasiləsiz və gözlənilməz yeni məzmun təqdim etməsi beyninn ani mükafat gözləntisini gücləndirə və impulsiv davranışları artıra bilər.

Tədqiqatçılar qısa videoların sosial media platformalarında geniş yayılmasının problemin əhəmiyyətini artırdığını bildirirlər. Bu məzmunlar artıq yalnız əyləncə məqsədi daşımır, təhsil, reklam, siyasi kampaniyalar və istehlak davranışlarının formalaşdırılmasında da geniş istifadə olunur. Platformalardakı “sonsuz sürüşdürmə” funksiyası isə istifadəçinin bir videodan digərinə keçməsini asanlaşdırır. Bu xüsusiyyət uzunmüddətli istifadə və platformadan ayrılmağın çətinləşməsi ilə bağlı narahatlıqları artırır.

Araşdırmada 98 299 nəfərin məlumatları təhlil edilib. İştirakçıların 74 faizi Asiyada, 11 faizi Şimali Amerikada, 11 faizi Avropada, 3 faizi Afrikada, 1 faizi isə Mərkəzi Amerikada yaşayan internet istifadəçiləri olub. Araşdırmanın nəticələrinə görə, qısa videoların daha çox izlənilməsi ümumilikdə daha zəif psixi rifahla əlaqəlidir. Bu əlaqə xüsusilə stress və narahatlıq əlamətlərində daha qabarıq müşahidə olunub.

Alimlər qısa videolara baxma ilə diqqət və psixi sağlamlıq göstəriciləri arasındakı əlaqəni araşdırsalar da, bu cür tədqiqat nəticələri təkbaşına qısa videoların bütün hallarda həmin problemlərə birbaşa səbəb olduğunu sübut etmir. Yəni burada səbəb-nəticə əlaqəsindən çox, müşahidə olunan statistik əlaqədən söhbət gedir.m Tədqiqatçılar hesab edirlər ki, qısa videoların gündəlik həyatdakı payı artdıqca istifadəçilərin rəqəmsal məzmunla daha sağlam münasibət qurmasına kömək edən yanaşmalar hazırlanmalıdır. Onların fikrincə, xüsusilə diqqəti cəmləmə qabiliyyətinin və psixi sağlamlığın qorunması istiqamətində maarifləndirmə gücləndirilməli, platformaların dizayn xüsusiyyətləri də nəzərə alınmalıdır.

Araşdırmanın əsas mesajı qısa videolardan tamamilə imtina etmək deyil. Məsələ onların gündəlik həyatın digər fəaliyyətlərini, uzunmüddətli oxuma, öyrənmə, fiziki fəaliyyət və real sosial münasibətləri əvəz edəcək qədər çox istifadə olunmasının mümkün nəticələrini nəzərə almaqdır.

Şahnigar Əhmədova, “İki sahil”