Cümə günü Fransanın Konstitusiya Şurası 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişini qadağan edən qanun layihəsinin qüvvəyə minməsinə mane olub və bildirib ki, bu qanun ifadə azadlığını pozur.
“İki sahil” xəbər verir ki, bu, hökumətdən qanunvericiliyə yenidən baxmağı xahiş edən Prezident Emmanuel Makron üçün zərbə olub.
“Yetkinlik yaşına çatmayan 15 yaşadək şəxslərin müəyyən onlayn xidmətlərə girişini qadağan etməklə qanun mahiyyət etibarilə hər bir şəxsdən, hətta yetkin şəxslərdən də bu xidmətlərdən istifadə etməzdən əvvəl yaşını təsdiqləməsini tələb edir”, - deyə Konstitusiya Şurasının qərarında bildirilir.
“Lakin qanunverici orqan belə sübutların təqdim edilməli olduğu şərtləri və məhdudiyyətləri müəyyən etmədiyindən, bu tələblərə riayət olunmasını təmin etmək üçün zəruri hüquqi təminatları nəzərdə tutmayıb”, – deyə sənəddə əlavə olunur.
Fransalı qanunvericilər 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyulması haqqında qanunu təsdiqləyiblər. Bununla da Fransa Avropada dekabr ayında 16 yaşdan aşağı şəxslərin “Facebook”, “TikTok” və “YouTube” kimi platformalara girişinə dünyada ilk qadağanı tətbiq edən Avstraliyanın nümunəsini izləyən ilk ölkə olub.
Yelisey sarayının yaydığı bəyanatda bildirilir ki, Prezident Makron Baş nazir Sebastyan Lökornüdən Konstitusiya Şurasının iradlarını nəzərə alaraq qanun layihəsini yenidən işləməyi tapşırıb.
Yelisey sarayından bildirilib ki, Makron 2027-ci ilin yazında Fransada keçiriləcək prezident seçkilərinə qədər islahatın qüvvəyə minməsinə nail olmaqda qətiyyətlidir.
Emmanuel Makron üçüncü müddətə prezidentliyə namizəd ola bilməz.