Türkiyənin “Turkish Petroleum” (TPAO) dövlət neft şirkəti Adıyaman və Şanlıurfa vilayətlərində neft yataqlarının kəşfiyyatı üçün beşillik lisenziya alıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı qərar hökumətin “Resmi Gazete” nəşrində dərc olunub.
Eyni zamanda, TPAO-nun Batman, Mardin, Siirt, Kırklareli və Tekirdağ vilayətlərində yataqların işlənməsi ilə bağlı icazəsinin müddəti 2028-ci ilədək uzadılıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bir gün əvvəl bildirib ki, ölkənin enerji asılılığının azaldılmasını qarşıya məqsəd qoyan hökumət üçün yerli yataqların kəşfiyyatı prioritetdir.
“Türkiyə son 25 il ərzində elektrik enerjisi istehsalının gücünü dörd dəfə artıraraq 126 min meqavata çatdırıb və bu, ölkənin Avropada üçüncü yerə yüksəlməsinə imkan verib. Türkiyədə neft hasilatı 25 il ərzində üç dəfə, təbii qaz hasilatı isə doqquz dəfə artıb”, – deyə Türkiyənin energetika naziri bildirib.