16 avqust 2026 20:36
99

Fransada hərbçilər meşə yanğınlarına qarşı genişmiqyaslı mübarizəyə qoşulub

Fransada ölkə üzrə meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Silahlı Qüvvələrin təxminən 2 000 hərbi qulluqçusu iştirak edir.

“İki sahil” xəbər verir ki, bu barədə BFMTV telekanalının efirində Fransa Silahlı Qüvvələri Nazirliyinin nazir-nümayəndəsi (nazir-nümayəndə, baş nazirə və ya müvafiq nazirə hesabat verən, müəyyən, məhdud bir iş sahəsinə cavabdeh olan və ya parlamentlə əlaqə saxlayan hökumət üzvü-red.) Alis Rüfo bildirib.

Onun sözlərinə görə, ehtiyatda təxminən 2 000 əlavə hərbi qulluqçu var.

A.Rufo qeyd edib ki, mühəndis bölmələri də yanğınsöndürmə işlərində iştirak edir.

"Yeni həllər tətbiq edilib. Silahlı Qüvvələr vəziyyətə uyğunlaşmaq qabiliyyətlərini nümayiş etdirirlər: "Airbus A400M" təyyarələrindən və "Reaper" dronlarından istifadə edirlər, yanğınların söndürülməsində eləcə də helikopterlər iştirak edir", - nazir deyib.

Qeyd edək ki, Fransada meşə yanğınlarını söndürmək üçün adətən "Bombardier 415" amfibiya təyyarələrindən istifadə olunur.

Son həftələr Avropanın bir neçə ölkəsi görünməmiş dərəcədə isti və quraqlıq dalğası ilə üzləşib ki, bu da kütləvi meşə yanğınlarına səbəb olub. Aralıq dənizinin turizm bölgələrində vəziyyət xüsusilə ağırdır. Yanğınlar artıq minlərlə hektar meşə sahəsini məhv edib, yerli sakinlərin və turistlərin təxliyəsinə səbəb olub, insan tələfatı ilə nəticələnib.

Yanğınlarla mübarizə aparmaq üçün Aİ-nin bir neçə ölkəsindən yüzlərlə yanğınsöndürmə briqadası və ixtisaslaşmış aviasiya səfərbər olunub.