17 avqust 2026 12:56
88

Sülh Şurasının rəhbərliyi Netanyahunun Kuşnerlə görüşündə iştirak edəcək

Böyük Britaniyanın sabiq baş naziri, Sülh Şurasının nümayəndəsi Toni Bler və Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenov İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidentinin kürəkəni Cared Kuşner arasında keçiriləcək görüşdə iştirak edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Associated Press" agentliyi məlumat yayıb.

Görüş İsraildə baş tutacaq. Bir qədər əvvəl "Ynet" portalı Kuşnerin Amerika liderinin qeyri-rəsmi nümayəndəsi sifətilə Netanyahu ilə görüşmək üçün İsrailə gəldiyini xəbər vermişdi.

"Axios" portalının məlumatına görə isə, Kuşner İsrailin Baş naziri ilə Qəzza zolağındakı vəziyyətin nizamlanmasının növbəti mərhələsinin icrası ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.

Avqustun 16-da "Al Hadath" telekanalı bildirmişdi ki, Kuşner Misirdə fələstinli HƏMAS hərəkatının rəhbərliyi və Sülh Şurasının nümayəndələri ilə bir sıra görüşlər keçirib. Həmçinin respublikaya səfəri çərçivəsində Kuşner Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə də bir araya gəlib. Keçirilən görüşlər Qəzzada nizamlanmanın növbəti mərhələsinə həsr olunub.