17 avqust 2026 14:23
105

Şərur rayonunda şəhidlərin xatirəsi ehtiramla yad olunub

14 avqust 2026-cı il tarixində Şərur rayonunda Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi və adlarının əbədiləşdirilməsi məqsədilə tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki,  Şərur rayon Şəhidlər xiyabanında şəhidlər Yusifov Əli Süləddin oğlunun və Mədətli Zülal Rəhim oğlunun doğum günləri münasibətilə anım mərasimi keçirilib. Şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub və xatirələri ehtiramla yad edilib.

Tədbirdə 2 saylı Şərur-Kəngərli seçki dairəsinin deputatı Siyavuş Novruzov, Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova, YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Sevil Hacıyeva və Rafiq Novruzov, şəhid ailələri, qazilər, dövlət qurumlarının və təhsil sahəsinin nümayəndələri, ictimaiyyət iştirak ediblər.

Çıxışlarda şəhidlərin həyat və döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən bəhs olunaraq onların qəhrəmanlığının daim ehtiramla yad ediləcəyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün olub. Onların adlarının əbədiləşdirilməsi və xatirələrinin yaşadılması mühüm mənəvi vəzifədir.

Şəhidlərin valideynləri - Yusifov Süləddin, Yusifova Bəturə, Mədətov Rəhim və Mədətova Şərabanu övladlarının xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.

Tədbir çərçivəsində Şərur rayonunun Oğuzkənd kəndində şəhidlər Yusifov Əli Süləddin oğlu, Əhmədov Mərhəməd Adil oğlu və Nuruyev Cavid Əşrəf oğlunun əziz xatirəsinə inşa edilmiş bulaq-xatirə kompleksinin də açılışı keçirilib.

Sonda şəhidlərin ruhuna dualar oxunub, bulaq-xatirə kompleksinin açılışı olub və önünə gül dəstələri qoyulub.

Tədbir çərçivəsində şəhid ailələri ilə görüş keçirilərək onların müraciət, qayğı və təklifləri dinlənilib.