17 avqust 2026 16:25
98

CNN: ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektrik enerjisiz qalıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Benfold" hərbi gəmisi iyul ayında Cənubi Çin dənizində 32–37 dərəcə selsi temperatur şəraitində dörd gün ərzində heyətin normal fəaliyyəti üçün zəruri olan təməl şəraitlərdən məhrum olub. Avadanlıqların, o cümlədən generatorların sıradan çıxması səbəbindən gəmi manevr etmək qabiliyyətini itirib.

“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ HDQ-nin 7-ci Donanmasının bəyanatına istinadla məlumat yayıb.

Donanmanın mətbuat xidmətinin nümayəndəsi Metyu Komerin sözlərinə görə, insident "Benfold" gəmisində baş verən mühəndislik nasazlığı səbəbindən yaşanıb. Komer dəqiqləşdirib ki, esmines Hind-Sakit okean regionunda planlı döyüş növbəsində olarkən "generatorlara təsir edən qəza xarakterli nasazlıq" meydana gəlib.

Qəzadan sonra gəmi Filippindəki Subik buxtasına yedəyə alınıb. Təmir işləri avqustun 8-dək başa çatdırılıb və bundan sonra gəmi limanı tərk edib.

Məlumatda həmçinin xatırladılır ki, aprelin sonlarında "USS Higgins" esminesində də elektrik sisteminin sıradan çıxması gəminin tamamilə işıqsız qalmasına və hərəkət qüvvəsini itirməsinə səbəb olmuşdu.