İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib.
“İki sahil” xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin Hüseynin İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığının yekunlarına dair açıqlamasında bildirilib.
Vurğulanıb ki, Hüseyn iranlı həmkarı ilə İraq Kürdüstan Regionunun Baş nazirinin ofisinə hücumu müzakirə edib. İraqın xarici işlər naziri bu hadisəni "gərginliyi artıra və regionda sabitliyi təhlükə altına ala biləcək təhlükəli presedent" adlandırıb.
İraqın baş diplomatı İrandan "bu hücumla bağlı rəsmi mövqeyini izah etməsini" istəyib.
Əraqçi isə bildirib ki, Tehran tərəfinin "hücumun İran ərazisindən həyata keçirildiyini göstərən hər hansı məlumatı yoxdur". İraq XİN-in açıqlamasına əsasən, Əraqçi bu insidentlə bağlı İran hökumətinin mövqeyini açıqlayan rəsmi bəyanat yayacağına söz verib.
Bundan əvvəl Məsrur Bərzaninin ofisi İranın pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qaldığını bildirib. İraq Kürdüstanının Baş nazirinin sözlərinə görə, onun şəxsi ofisi və Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin rəhbərinin iqamətgahı İran dronlarının hücumuna məruz qalıb.
Bərzani hücumu təhlükəli eskalasiya və İraq Kürdüstanının təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid adlandırıb.